Narkoman deputat istefa verdi
Bundestaqın müxalif “İttifaq-90/”yaşıllar” Partiyasından olan deputatı Folker Bek istefa verib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, o, parlamentdə fraksiyanın daxili siyasət və dini məsələlər üzrə nümayəndəsi, habelə Almaniya-İsrail deputat qrupunun başçısı vəzifələrini tutub.
İstefadan bir neçə saat əvvəl 55 yaşlı deputatın avtomobilində polisin 0,6 qram çəkisi olan “Narkotik təsirli maddə” tapması haqqında informasiya mətbuata sızıb. Bəzi məlumatlara görə, bu, güclü təsirə malik “crystal meth” (“Kristall” metamfetamini) narkotikidir.
Partiyadaşları üçün bu xəbər şok effekti verib. Çünki təxminən on gündən sonra federal torpaqlarda landtaqlara mühüm seçkilər keçiriləcək.
Güman ki, bu, deputatın karyerasının sonudur. Ekspertlər güman edir ki, iş məhkəməyə gedib çıxmayacaq, çünki aşkarlanmış narkotikin miqdarı xeyli azdır. İstənilən halda, bu qalmaqal digər xoşagəlməz hadisələri – alman siyasətçilərin “cavanlıq səhvləri”, insani zəifliklər, yaxud bizneslə çox sıx əlaqələr ucbatından karyeralarına son vermələrini yada salıb.
Qeyd edək ki, son illər AFR-in bir neçə tanınmış siyasətçisi qalmaqallı hadisələrdən sonra vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalıb. Bu sırada ilk və ən məşhur şəxs Xristian-Sosial İttifaqın (XSİ) üzvü Karl-Teodor tsu Quttenberq olub. 2011-ci ildə plagiat üzə çıxanda o, ölkənin müdafiə naziri vəzifəsini tutub. Bir il sonra dissertasiya işində plagiatla əlaqədar ittiham edilmiş AFR-in təhsil naziri, Xristian-Demokrat İttifaqının üzvü Annete Şavan istefaya gedib.
Son illərin ən hay-küylü qalmaqalı Almaniyanın federal prezidenti, XDİ üzvü Kristian Vulfla bağlı məsələ olub. O, bir tanış biznesmenin hesabına istirahət etməkdə, bu məsələ faş olanda isə mətbuata təzyiq göstərməkdə ittiham edilib.
1news.az