Yaponiya Şimali Koreyadan ballistik raket sınaqlarını dayandırmağı tələb edir | 1news.az | Xəbərlər
Dünya

Yaponiya Şimali Koreyadan ballistik raket sınaqlarını dayandırmağı tələb edir

09:52 - 29 / 04 / 2016
Yaponiya Şimali Koreyadan ballistik raket sınaqlarını dayandırmağı tələb edir

Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasından (KXDR) BMT Təhlükəsizlik Şurasının bu ölkəyə ballistik raket texnologiyalarından istifadəni qadağan edən qətnamələrinə əməl etməyi tələb edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə müsahibəsində Pekinə rəsmi səfərə yola düşməzdən əvvəl Yaponiyanın xarici işlər naziri Fumio Kişida deyib. Çində keçiriləcək görüşlərdə KXDR-in raket-nüvə proqramlarının əsas müzakirə mövzusu olacağı gözlənilir.

Nazir deyib: “Şimali Koreyanın raket sınaqları yolverilməzdir. ABŞ və Cənubi Koreya ilə birlikdə biz Şimali Koreyadan təmkin göstərməyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyi tələb edəcəyik”.

F.Kişida əlavə edib ki, hadisələrin istənilən istiqamətdə inkişafına hazırlaşan Yaponiya hökuməti Pxenyanın hərəkətləri ilə bağlı bütün informasiyaları ciddi şəkildə toplayır və təhlil edir.

Xəbər verdiyimiz kimi, son günlər KXDR Vonsan limanı rayonunda “Musudan” ballistik raketinin iki sınağını keçirib. Hər iki sınağın uğursuzluqla nəticələnməsinə baxmayaraq, bu raket bütün Yaponiya ərazisinə və ABŞ-ın Quam adasında yerləşən hərbi bazasına zərbə endirmək potensialına malikdir.

Rəsmi Seul və Tokio güman edir ki, Koreya Əmək Partiyasının mayın 6-da Pxenyanda işə başlayacaq qurultayı ərəfəsində KXDR hərbi xarakterli ciddi tədbirlər həyata keçirə bilər.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər