Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli Londonda müzakirə mövzusu olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli Londonda müzakirə mövzusu olub - FOTO

11:04 - 17 / 05 / 2016
Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli Londonda müzakirə mövzusu olub - FOTO

Britaniyada fəaliyyət göstərən “Faith Matters” təşkilatı tərəfindən Londonda “Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli” mövzusunda konfrans keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev təmsil ediblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov konfransda iştirak ediblər.

Konfransı açan “Faith Matters” təşkilatının sədri Fiyaz Muğal Azərbaycandakı dini tolerantlıq mühitindən danışıb. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgə qardaşlıq və mehribanlıq şəraitində yaşadığını və bu təcrübənin Britaniya daxil olmaqla digər ölkələrdə də öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Böyük Britaniyadakı səfirimiz Tahir Tağızadə Azərbaycanın multikultural və mədəni baxımdan zəngin ənənələrə malik bir ölkə olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan dini baxımdan da zəngin bir ölkədir. Şərq ilə Qərbin arasında yerləşən ölkəmiz əsrlər boyu müxtəlif dinlərə mənsub insanların vətəni olub. Tarixə nəzər saldıqda, ən qədim zamanlardan indiki dövrə qədər bu ərazidə müxtəlif xalqların və dinlərin nümayəndələri birgə yaşayıblar. Həmin müxtəliflik və zənginlik hazırda da davam edir. Azərbaycanın tarixi memarlıq abidələrinə, arxitektura nümunələrinə baxdıqda əsrlər boyu bu ərazidə yaşamış müxtəlif xalqların və dinlərin izlərini bariz şəkildə görmək mümkündür. Bu konfransda iştirak edən nümayəndə heyəti də Azərbaycanda yaşayan dini-etnik qurumların müxtəlifliyini bir daha sübut edir.

Azərbaycan hökuməti ölkədə bu zənginliyi qoruyub saxlamağa həmişə böyük diqqət yetirib. Bildirilib ki, dini və mədəni zənginliyimizə olan münasibətimizin ən gözəl göstəricilərindən biri torpaqlarımızın 20 faizini işğal edən, həmvətənlərimizi qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistan ilə müharibə şəraitində olmağımıza baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin dini və mədəni abidə kimi qorunub saxlanılmasıdır. Eyni zamanda, Azərbaycanda müsəlmanlar, xristian və yəhudi icmasının nümayəndələri əsrlər boyu birgə mehribanlıq, dostluq, qardaşlıq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Qeyd olunub ki, bölgənin iqtisadi, siyasi və sosial təhlükəsizliyi üçün bu birlik böyük əhəmiyyət daşıyır.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev isə deyib: ”Dünya siyasətçiləri, elm və mədəniyyət xadimləri çox zaman belə bir sualla müraciət edirlər ki, necə ola bilir, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, ruhani başçıları bir-birinə qarşı bu cür səmimi və xeyirxah qardaşlıq münasibətilə yaşaya bilirlər?! Cavab budur: Prezident İlham Əliyevin şəxsiyyəti! Bəli, məhz Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı onların dövlətə və bir-birinə səmimi münasibətini formalaşdıran həm insani, həm də siyasi səbəbdir. Bunun isə əsasında ulu öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə öz təntənəsini yaşayır.

Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm vətənimizdə özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda, multikulturalizm dövlət siyasətinin əsas xətti kimi dünya ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki təcrübəmizi hamı ilə bölüşməyə hazırıq. Azərbaycan multikulturalizmi həm siyasi, həm sosial təcrübəsi ilə bəşəri dəyərlər sisteminə bu gün çox şey verə bilər”.

Azərbaycanda multikultural təhlükəsizliyin prinsiplərindən bəhs edən dövlət müşaviri ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısını nümunə göstərib: “Azərbaycan multikulturalizmi bu gün dünya miqyasında elmi və təcrübi nümayişini həyata keçirməyə hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik”.

K.Abdullayev vurğulayıb ki, müxtəlif dini icmaların qorunub saxlanılmasında dövlət qayğısı ilə yanaşı, cəmiyyət tərəfindən verilən dəstək də mühüm rol oynayır. Azərbaycan cəmiyyəti dünyəvi dəyərlərə, bəşəri ideallara köklənmiş bir cəmiyyətdir. Başqa dini dəyərlərə öz hörmətini göstərən və qoruyan bir cəmiyyətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən K.Abdullayev Azərbaycanın beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi qərarlara hörmətlə yanaşdığını və məsələnin tezliklə sülh yolu həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə konfransın təşkilatçılığına və yaxından dəstəyə görə “Faith Matters” təşkilatına və ölkəmizin Böyük Britaniyadakı səfirinə təşəkkür edib. Britaniya ictimaiyyətinə səmimi salamlarına çatdıran şeyxülislam ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin daha da inkişaf etməsini diləyib. Şeyxülislam söyləyib ki, bu cür səfərlər münasibətlərin inkişafına töhfəsini verəcək.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. QMİ-nin sədri bildirib ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

A.Paşazadə Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar və yaşayırlar. Heç vaxt Azərbaycanda dini zəmində münaqişələr müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidlərin məhv edildiyini diqqətə çatdırıb.

Şeyxülislam multikultural və dini tolerantlıq mühitini öz gözləri ilə görmələri üçün konfrans iştirakçılarını Azərbaycana dəvət edib. Çıxışının sonunda şeyxülislam bayramları münasibətilə xristian və yəhudi icmasını təbrik edib, müsəlmanlara qarşıdan gələn Ramazan bayramı münasibətilə xoş arzularını çatdırıb. QMİ-nin sədri Britaniya xalqını da kraliçalarının 90 illik yubileyi münasibətilə təbrik edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein müxtəlif dinlərin və millətlərin nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadığını qeyd edib. Diqqətə çatdırılıb ki, xristianlar əhalinin az bir hissəsini təşkil etsə də, demək olar ki, bu dinin bütün məzhəblərinin nümayəndələri Azərbaycanda təmsil olunurlar. Azərbaycanda dünyəvilik hökumət və konstitusiya səviyyəsində dəstəklənir. Azərbaycanda xristianlar, yüksək səlahiyyətli qurumlar və idarələr daxil olmaqla bütün dövlət vəzifələrində təmsil olunur.

Azərbaycanda fərqli dinlərə mənsub insanlar arasında çoxsaylı nikahların olduğunu deyən arxiyepiskop qeyd edib ki, ölkə parlamentində, ali təhsil müəssisələrində müxtəlif millətlərin nümayəndələri ortaq maraqlarla çalışırlar. Bütün bunlar Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafından xəbər verir.

BBMM-in icraçı direktoru, professor Azad Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm Azərbaycanda mühüm prioritetlərdən birinə çevrilib. Multikultural cəmiyyətimiz bizim əsas üstünlüklərimizdən biridir. Biz bunları dəyərləndirir və qoruyuruq. Prezident İlham Əliyev multikultural cəmiyyət modelini yeni dəyərlərlə zənginləşdirir. Eyni zamanda, Heydər Əliyev Fondu tolerantlıq və multikulturalizm ənənələrinin davam etdirilməsində çox böyük işlər görür. Fond bu istiqamətdə uğurlu layihələr həyata keçirir. Multikulturalizmi ölkəmizin sərhədlərindən kənarda təbliğ edir.

Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Azərbaycanda antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda müasir tələblərə cavab verən yeni sinaqoq binası inşa edilərək dağ yəhudilərinin ixtiyarına verilib.

M.Yevdayev bildirib ki, Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir. Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir.

Çıxışını Azərbaycanda dağ yəhudilərinin gündəlik həyatına həsr edən M.Yevdayev bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə sinaqoq tikilərək dağ yəhudilərinə hədiyyə edilib. Antisemitizm təzahürləri bütün dünyanı bürüsə də, Azərbaycanda heç vaxt müşahidə olunmayıb. Hazırda Azərbaycanda 7 sinaqoq, iki yəhudi orta məktəbi, üç uşaq bağçası, “İşiva” adlı kollec fəaliyyət göstərir.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfrans çərçivəsində QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Britaniyanın Yerli İdarəçilik və İcmalar Nazirliyinin rəsmisi Sally Sealey və bu ölkənin yəhudi icmasının deputat heyətinin prezidenti Conatan Arkuş arasında ikitərəfli görüş keçirilib.

Görüşlərdə Britaniya və Azərbaycanın multikulturalizm, dini tolerantlıq mövzularında təcrübələri bölüşülüb, antisemitizm, ksenofobiya və s. mövzularda müzakirələr aparılıb.

Tədbirdən sonra QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan nümayəndə heyəti adından Böyük Britaniyadakı səfirliyimizə hədiyyə təqdim edib.

1news.az

Paylaş:
566

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər