İstanbulda Dünya Humanitar Yardım Sammiti keçiriləcək
Türkiyədə ilk dəfə olaraq Dünya Humanitar Yardım Sammitinə keçiriləcək.
1news.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammit Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.
Böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gəldiyi İstanbul sammitində dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.
Sammitin İstanbulda keçirilməsi humanitar yardım sahəsində nümunəvi fəaliyyəti ilə seçilən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bir göstəricisidir.
Hazırda 3 milyondan artıq suriyalı qaçqının məskunlaşdığı Türkiyə, BMT məlumatlarına görə, dünyada ən çox qaçqın qəbul edən ölkədir. Eyni zamanda rəsmi humanitar yardımın milli gəlirə olan nisbətinə görə də dünyanın "ən səxavətli" donor ölkəsi statusunu qazanıb.
1news.az