Poroşenko: "Bütün ukraynalı əsirlərin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəyik"
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada jurnalistlərin ölümündə ittiham olunan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılması və vətənə qayıtması ilə bağlı açıqlama verib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Bizim Nadya artıq Ukrayna torpağındadır. Onu qayıtması münasibəti ilə təbrik etməkdən məmnunam. Ukraynalıları və bütün dünyanı bu qələbəmiz münasibəti ilə təbrik edirəm. Bütün ukraynalı əsirlərin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəyik”,- deyə Poroşenko qeyd edib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü ilin iyulunda Donbasda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunurdu. Bu gün Rusiya prezidenti Vladimir Putin Savçenkonun əfv olunması barədə fərman imzalayıb.
1news.az