Hikmət Hacıyev: “Nalbandyan Vyana görüşlərinin mahiyyətini təhrif edir” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Nalbandyan Vyana görüşlərinin mahiyyətini təhrif edir”

20:40 - 26 / 05 / 2016
Hikmət Hacıyev: “Nalbandyan Vyana görüşlərinin mahiyyətini təhrif edir”

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. 

1news.az-ın məlumatına görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dediklərini şərh edərək deyib:

“Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır. Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəminin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

H.Hacıyev bildirib ki, əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır.

“Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük.

Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”.

1news.az

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər