Ölkəmiz Moskvada ”Ənənələr və müasirlik” festivalında təmsil olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəmiz Moskvada ”Ənənələr və müasirlik” festivalında təmsil olunur

18:01 - 27 / 05 / 2016
Ölkəmiz Moskvada ”Ənənələr və müasirlik” festivalında təmsil olunur

Mayın 26-da Moskvanın “Manej” mərkəzi sərgi zalında Beynəlxalq ”Ənənələr və müasirlik” X Təsviri İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, festivalın yubiley sərgisində dünyanın 50-ə yaxın ölkəsindən, o cümlədən keçmiş sovet respublikalarından rəssamlar iştirak edirlər.

Festivalın kuratoru Vera Kiselyova tədbiri açaraq sərgi haqqında məlumat verib. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək festivalın beynəlxalq mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Səfir daha sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu festival iştirakçılarının diqqətinə çatdırıb.

“Ənənələr və müasirlik” sərgisində Ölkəmiz geniş heyətlə təmsil olunur. SSRİ Xalq rəssamı Tahir Salahov, Əməkdar rəssam Sakit Məmmədov və tələbələri, Əməkdar rəssam Rəşad Mehdiyev, gənc və istedadlı rəssam Məryəm Ələkbərli, Katib Məmmədov, Diləfruz Bağırova və başqalarının əsərləri sərgidə yer alıb və tamaşaçıların marağına səbəb olub.

Onu da qeyd edək ki, Məryəm Ələkbərlinin “Qobustan” silsiləsindən olan “Ovdan sonra” əsəri əvvəlki illərdə festivalın qalibi olub, bu sərgidə ən yaxşı əsərlərin xüsusi stendində tamaşaçılara təqdim edilir.

2007-ci ildən etibarən keçirilən festival dünyanın müxtəlif ölkələrindən rəssamları bir araya gətirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. Festival çərçivəsində təsviri incəsənət sahəsində yaradıcılıq, sevgi və uğura inamı simvolizə edən bürünc heykəlcik - beynəlxalq “VERA” mükafatı təqdim ediləcək. Mükafat rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiya və muzey işi üzrə qaliblərə veriləcək.

Festivalın münsiflər heyətinin sədri Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovdur.

Bu arada festivalın 15 ən maraqlı eksponatı açıqlanıb. Siyahıda birinci yeri Azərbaycan və Rusiya rəngkarlığının canlı klassiki Tahir Salahovun əsərləri tutur. Sərgidə onun yeni qrafika əsərləri və bənzərsiz eskizləri əsasında əllə toxunan xalçalar təqdim olunur. Reytinqdə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədov da yer alıb. Rəssamın əsərləri dünyanın məşhur rəsm qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

1news.az

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər