Əflatun Amaşov və Rəhman Hacıyev Təhsil TV-nin Təməl proqramının qonağı olub - VİDEO
Təhsil Nazirliyinin onlayn kanalı olan Təhsil TV-də yayımlanan Təməl proqramının növbəti buraxılışı "KİV-də sosial məsuliyyət " mövzusuna həsr olunub.
Bu buraxılışın qonağı Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və The First News informasiya agentliyinin redaktoru Rəhman Hacıyev olub.
KİV-də sosial məsuliyyətdən danışarkən hər iki qonaq təəssüflə qeyd etdi ki, hazırda ən vacib problemlərdən biri bəzi jurnalistlərdəki məsuliyyətsizlik və qeyri-peşəkarlıqla bağlıdır.
R.Hacıyevin söylədiyinə görə, jurnalist ilk növbədə təhsilin nə olduğunu bilməlidir. Yalnız bundan sonra o, oxucuya təhsil sistemində aparılan islahatların vacibliyi məsələsini çatdıra bilər.
Şamaxıda baş verən son hadisələrdən danışarkən o qeyd edib ki, belə hadisələr bütün dünyada baş verir və onu sensasiyaya çevirməyə dəyməz. Belə hadisələri şişirdən jurnalistlər isə sadəcə reytinqlərinin qalması məqsədini güdür.
Əflatun Amaşov da öz növbəsində qeyd edib ki, jurnalistlərin qeyri-peşəkarlığı yanlış və əsassız informasiyanın yayılmasına səbəb olur.
O, bildirib ki, təhsil sistemində ciddi islahatlar keçirilir. Lakin bəzi jurnalistlər anlamır ki, onların nəticələrinin görünməsi üçün müəyyən zaman keçməlidir. Bu halda onlar neqativ informasiya yaymaqla məşğul olur.
Bundan əlavə vurğulandı ki, jurnalistika fakültəsini bitirən tələbələr heç də hər zaman media sferasında fəaliyyətini davam etdirmir. Ona görə də, bəzi müasir jurnalistlərin akademik bazası yoxdur. Bu isə öz növbəsində onların qeyri-peşəkarlığına səbəb olan amillərdən biridir.
1news.az