“Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilib
Milli Məclis “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 106-VQD nömrəli Qanunu) 20.0.19-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.20-ci maddə əlavə edilsin:
“20.0.20. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 5 il müddətinə”.
Bundan əlavə, Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 225-VQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 225-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-1-ci bənddə “və 20.0.19-cu (birinci halda)” sözləri “, 20.0.19-cu (birinci halda) və 20.0.20-ci (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin;
2.2. 3.5-ci bənddə “maddəsində” sözü “və 20.0.20-ci (üçüncü halda) maddələrində” sözləri ilə əvəz edilsin;
2.3. 3.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:
“3.7. həmin Qanunun 20.0.20-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az