İlham Əliyev Avropa Parlamentinin nümayəndələrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlətimizin başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib. Dövlətimizin başçısı vurğuladı ki, qurumun ən yüksək rütbəli şəxsləri - prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub.
Prezident İlham Əliyev bildirdi ki, bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb. Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlətimizin başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını dedi, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir.
Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana uğurlu səfəri çərçivəsində hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərib. Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri Avropa Komissiyası-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib.
Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyildir.
Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu dedi və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə etdi. Avropa Parlamentində özünün daxil olduğu liberal-demokratlardan ibarət fraksiyanın - ALDE qrupun fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan Norika Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğuladı. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd etdi ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.
Dövlətimizin başçısı xanım Norika Nikolaiyə obyektiv və ədalətli mövqeyinə görə minnətdarlığını bildirdi və Avropa Parlamentində Azərbaycanın dostları olan deputatlara onun salamlarını çatdırmağı xahiş etdi.
1news.az