Mübariz Əhmədoğlu: “Paket və ya mərhələli həll variantlarına Ermənistanın yanaşması məntiqsizlikdir”
“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mərhələli və ya paket variantı üzrə yanaşması ziddiyyətlidir. Ermənistan belə hesab edir ki, məsələ paket variantında razılaşdırılmalı, sonra isə mərhələli həll variantında impilementasiya olunmalıdır. Ermənistanın bu mövqeyində ən azı iki məntiqsizlik göz qabağındadır”.
Bu sözləri 1news.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan atəşkəs rejiminə əməl olunması, monitorinq mexanizmlərinin yerləşdirilməsi məsələlərində özünün tərəfdarı olduğu paket həll variantından imtina edir:
“Ermənistanın nöqteyi-nəzərincə indi monitorinq sistemləri yerləşdirilməlidir, qalan məsələlər isə paket variantında həll edilməlidir. Faktiki bu münaqişənin həllini Ermənistan tərəfindən ən azı iki mərhələyə bölünməsi anlamındadır. Əgər Ermənistan münaqişənin mərhələli həllinin tərəfdarıdırsa, qalan bütün proseslər də bu istiqamətdə getməlidir. Yox, əgər Ermənistan paket variantının tərəfdarıdırsa o zaman monitorinq mexanizmlərinin yerləşdirilməsi məsələsi də paket variantının içinə daxil edilməlidir. İmpelmentasiya isə mərhələli həll variantında getməlidir”.
Politoloqun fikrincə, rəsmi Yerevanın Yenilənmiş Madrid Prinsiplərinə və yaxud özlərinin dedikləri 6 maddəyə, həmsədr ölkə prezidentlərin 5 bəyanatına münasibəti tam ziddiyyətlidir:
“6 maddəlik prinsiplər və yaxud həmsədr ölkə prezidentlərin 5 bəyanatı, Yenilənmiş Madrid Prinsipləri və s. bunların hamısının əsas mahiyyəti mərhələli həll planı üzərində qurulub. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır. İkinci mərhələdə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması şərtilə Dağlıq Qarabağ ermənilərinə aralıq statusu verilir. Üçüncü mərhələdə Ermənistanla Dağlıq Qarabağ arasında koridor məsələsi müəyyənləşir.
Dördüncü mərhələdə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması. Beşinci mərhələdə bütün məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə qayıtması. Altıncı mərhələ isə sülhməramlı əməliyyatlar və ya sülhməramlıların yerləşdirilməsidir. RF Xİ naziri S.Lavrov da etiraf etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün vacib komponentlər hazırdır. Mərhələli həll variantını aktuallaşdırdı. Rəsmi Yerevan bir tərəfdən prezidentlərin 5 bəyanatını və yaxud 6 maddəlik prinsipləri və yaxud Madrid Prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bəyan edir, digər tərəfdən paket variantıni tələb kimi irəli sürür Bu da məntiqsizddir”.
M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, Ermənistana sərf edəndə gah paket, gah da mərhələli həll variantı yanaşması əslində oyunbazlıqdır:
“Əlbəttə, həmsədrlər yerlərində olsaydılar rəsmi Yerevan belə oyunbazlığa, subyektivizmə və məntiqsizliyə yol verə bilməzdi”.
1news.az