Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Maltanın Prezidenti Mari-Luiz Koleyro Preka 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Malta xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və əmin-amanlıq, xalqınıza əbədi tərəqqi arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər, o cümlədən neft və qaz sektorunda əməkdaşlığımız bundan sonra da davamlı inkişaf edəcək. Şübhə etmirəm ki, energetika sahəsində tərəfdaşlığımız enerji sektoru ilə yanaşı, digər sahələrdə də işgüzar əlaqələrin vətəndaşlarımızın maraqları naminə genişlənməsinə təkan verəcək”.
Bundan əlavə, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvü, Olimpiya çempionu Sergey Bubka da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib:
“Zati-aliləri, hörmətli cənab Prezident.
Xahiş edirəm, milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna Milli Olimpiya Komitəsi, Ukrayna Olimpiya ailəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Azərbaycan qədim tarixi, zəngin mədəni irsi, gözəl idman ənənələri və nailiyyətləri olan ölkədir. Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri ilə bir araya gəlmək cəhdləri yüksək qiymətləndirilir. Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışlarda qazanılan uğurlar, “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan atletlərini yeni rekordlar qazanmağa, gənc nəsli idmana və sağlam həyat tərzinə ruhlandırır. Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələri bundan sonra da Beynəlxalq Olimpiya Hərəkatının təbliğinə və Olimpiya ideallarının daha geniş yayılmasına xidmət edəcək.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə cansağlığı, Azərbaycan xalqına davamlı sülh, xoşbəxtlik və tərəqqi diləyirəm”.
1news.az