Şuşadan başlanan Zəfər: Azərbaycan xalqının qürur günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşadan başlanan Zəfər: Azərbaycan xalqının qürur günüdür

1news Redaksiyası00:16 - Bu gün
Şuşadan başlanan Zəfər: Azərbaycan xalqının qürur günüdür

Azərbaycan xalqı bu gün Vətən müharibəsindəki şanlı Zəfəri təntənə ilə qeyd edir.

1news.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün davam edən döyüşlər nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, 4-də Cəbrayıl şəhərini, 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, 17-də Füzuli şəhərini, 20-də Zəngilan şəhərini, 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizlənib.

Rəşadətli əsgər və zabitlərimiz addım-addım irəliləyərək Ermənistanın uzun illər qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib. Torpaqlarımız qəhrəman övladlarımızın, şəhidlərimizin qanı və canı bahasına azad olunub. Vətən müharibəsində 2908 hərbi qulluqçumuz şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Ordumuzun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq günahsız mülki əhalini hədəfə alıb və müharibə cinayətləri törədib. Azərbaycanın ikinci böyük şəhəri Gəncə, strateji obyektlərin yerləşdiyi Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri), eləcə də Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlərlə və ağır artilleriya qurğularından atəşə tutulub. Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı zərər çəkib.

Buna baxmayaraq, hərbi uğurlarımız, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyini həll edib. Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa və Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olub. Xalqın əzmi və iradəsi, iqtisadi güc, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi qələbəmizi təmin edən əsas amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

10 noyabr Bəyanatı

2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Bəyanat imzalayıb. Sənədə əsasən, həmin gün Moskva vaxtı ilə saat 00:00-dan Dağlıq Qarabağ zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Bəyanatın əsas müddəaları:

  • Təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli texnikadan və 380 avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Kontingentin qalma müddəti 5 il müəyyən edilib. Müddət bitməzdən 6 ay əvvəl tərəflərdən biri xitam niyyətini bildirməzsə, avtomatik olaraq növbəti 5 ilə uzadılır.
  • Razılaşmalara əməl olunmasına nəzarəti artırmaq üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
  • Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək 5 kilometr enliyindəki Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilib. Dəhliz Şuşa şəhərinə toxunmur.
  • Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulub. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəzarəti Rusiya FTX-nin sərhəd orqanları həyata keçirir. Tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyaları inşa ediləcək.
  • Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulub.

Bu müddəalara uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun işğal altındakı hissəsi, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Bu üç rayon heç bir itki verilmədən geri qaytarılıb.

Ərazi bütövlüyü və suverenliyin bərpası

2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. 2023-cü il sentyabrın 19-20-də 24 saatdan az davam edən lokal antiterror tədbirləri nəticəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələri təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və ölkəmiz suverenliyini tam bərpa edib. Həmin ilin oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Zəfər Günü

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın azad edildiyi 8 Noyabr hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu münasibətlə ölkədə bir sıra tədbirlər keçirilir. 8 Noyabr qeyri-iş günüdür.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər