Azərbaycanın Pakistandakı yeni səfiri etimadnaməsinin surətini bu ölkənin xarici işlər katibinə təqdim edib
Azərbaycanın Pakistana yeni təyin edilmiş səfiri Əli Əlizadə bu ölkənin xarici işlər katibi Ayzaz Əhməd Çodri ilə görüşüb və etimadnaməsinin sürətini ona təqdim edib.
Görüşdə xarici işlər katibi səfiri təyinatı münasibətilə təbrik edib, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Xarici işlər katibi ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib. Xarici işlər katibi iki ölkənin rəhbərləri və xalqları arasında mövcud olan səmimi dostluq münasibətlərindən danışıb, səfirliyin ölkələrimiz arasındakı münasibətlərin inkişafı ilə bağlı fəaliyyətinə hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Əli Əlizadə dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə, səmimi diqqətə görə bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycanın bu mövqeyi yüksək qiymətləndirdiyini deyib.
Səfir xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.
AZƏRTAC