Baş Prokurorluq: Amnistiya aktı şamil olunan məhbuslardan 350-si bu gün azadlığa buraxılıb
Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının şamil olunduğu məhbusıardan 350-si bu gün ərzində azadlığa buraxılıb.
1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, amnistiya aktının şamil olunduğu məhbuslardan 216-sı Bakı, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediliblər.
Bu gün Amnistiya aktının şamil olunduğu 350 nəfərdən 9-u qadındır.
Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.
Bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar.
10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycanda növbəti amnistiya aktının icrasına başlanılıb
Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib
Mehriban Əliyeva: “Bir dəfə səhv edən şəxslərin bağışlanmağa haqqı var”
Milli Məclisin Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında QƏRARI
1news.az