Milli Məclisin sədri ilə millət vəkili mübahisə ediblər
İyunun 24-ü Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclasında parlamentin sədri Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə baş verib.
1news.az-ın verdiyi məlumata əsasən, mübahisəyə səbəb Vergi məcəlləsinə “Tax free” sisteminin daxil edilməsinin müzakirəsi olub.
Zahid Orucun fikrinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması və bu qurumun dağılması ərəfəsində “Tax free” sisteminin tətbiqi məqsədəuyğun deyil.
Buna cavab olaraq isə Oqtay Əsədov məsələni Aİ ilə bağlamağın düzgün olmadığını bildirib: “Bu sistem dünyanın 130 ölkəsində fəaliyyət göstərir. Onun tətbiqinin Aİ-yə heç bir aidiyyatı yoxdur”.
“Sən danışanda mən qulaq asırdım. İndi isə sən mənə qulaq as. Bundan sonra Azərbaycanın ticari dövriyyəsi artacaq, turizmi inkişaf edəcək. Mən sənin çıxışını kəsməmişəm. Yaxşısı budur, sən gündəlikdə olan məsələlər barədə danışasan, yoxsa həmişə müzakirə edilən mövzuların çərçivəsindən kənara çıxırsan. Mən səni başa salmaq istəyirəm, anlamırsansa, öz problemindir. Özünü apara bilmirsən və çərçivələrdən kənara çıxırsan”, - deyə O.Əsədov əlavə edib.
Z.Oruc isə, yerindən, öz fikrini ifadə etməyə haqqı olduğunu və bu haqqı ondan heç kimin ala bilməyəcəyini bildirib.
Onlardan sonra çıxış edən deputat Siyavuş Novruzov həmkarlarını sakitləşməyə çağırıb.
Daha sonra Milli Məclisin sədri O.Əsədov qurumun İntizam Komissiyasının deputat Zahid Orucun davranışı ilə bağlı məsələyə baxmalı və zəruri ölçü götürməli olduğunu bildirib.
Oqtay Əsədov bununla bağlı İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.
1news.az