Prezident Mülki Prosessual Məcəlləsində edilən dəyişiklikləri təsdiq edib
Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1340-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 209-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 305.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 305.1.13-cü maddə əlavə edilsin:
“305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında.”.
2. 306.1-ci maddədə “30 - 40-2-ci” sözləri “30 - 40-3-cü” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 40-3-cü fəsil əlavə edilsin:
“Fəsil 40-3. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Maddə 355-8. Ərizənin verilməsi
355-8.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir.
355-8.2. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir.
Maddə 355-9. Ərizənin məzmunu
Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir.
Maddə 355-10. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi
355-10.1. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır.
355-10.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.
355-10.3 İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-10.4. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş müvafiq icra hakimiyyəti orqanına və barəsində Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar qətnamə qəbul edilmiş şəxsə onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilir”.
Eyni zamanda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 293-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 293-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-8.1-ci, 355-8.2-ci, 355-9-cu və 355-10.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
4. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471) 2-ci hissəsinin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“həmin Məcəllənin 355-8.1-ci, 355-8.2-ci, 355-9-cu və 355-10.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir”.
1news.az