Əbülfəs Qarayev və BMT Baş Assambleyasının prezidenti arasında görüş keçirilib - FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu York şəhərinə səfərə gedib.
Mədəniyyət və turizm nazirliyindən 1news.az-a verilən məlumata əsasən, səfər çərçivəsində nazir Ə.Qarayev ilə BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.
Ə.Qarayev BMT Baş Assambleyanın prezidenti cənab Lykketofta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə edib.
2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb.
BMT Baş Assambleyasının prezidenti Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək, bu tərəfdaşlıqla məmnun olduğunu ifadə edib.
Daha sonra Ə.Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.
Yekunda nazir Ə.Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
1news.az