Dünyanı çaşdırmaq cəhdi: Sarkisyanın yeni spekulyasiyaları - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Dünyanı çaşdırmaq cəhdi: Sarkisyanın yeni spekulyasiyaları - Newtimes.az

23:36 - 13 / 07 / 2016
Dünyanı çaşdırmaq cəhdi: Sarkisyanın yeni spekulyasiyaları - Newtimes.az

Ermənistan rəhbərliyi çətin vəziyyətə düşüb. Ölkə daxilində sosial-siyasi durum getdikcə daha da ağırlaşır. 

Cənubi Qafqaza yaxın regionlarda cərəyan edən geosiyasi proseslərin yaratdığı gərginlik erməni siyasətçilərinə əlavə narahatlıq gətirir. Bunlara Azərbaycan Ordusunun apreldə Dağlıq Qarabağda erməni mövqelərinə endirdiyi ağır zərbələr də əlavə olunub. Bu hadisədən sonra İrəvan necə hərəkət etməyi, demək olar ki, müəyyənləşdirə bilmir. O, əsas olaraq xaricdə havadarlıq edən dairələrə şikayətlənir, onlardan kömək umur. Prezidentlərin Sankt-Peterburq görüşü də göstərdi ki, Azərbaycan tutduğu mövqedən çəkilməyəcək. Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir. Bunların fonunda Serj Sarkisyan "Reuters" agentliyinə müsahibə verərək, özünü xilas etmək üçün yeni yalanlar uydurub. Onun dedikləri nə qədər aciz duruma düşdüyünü göstərir.

Zərbədən sonra: siyasi çaşqınlıq əlamətləri

Məlum aprel döyüşlərindən sonra aydın oldu ki, Serj Sarkisyan siyasi karyerasının ən böhranlı anlarını yaşayır. Müxalifət onun hakimiyyətdən getməsi üçün əlindən gələni edir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi uğurların təsiri altında S.Sarkisyanın nüfuzunu itirməsi açıq görünür. Buna görədir ki, son aylar hakim Respublika Partiyası fəaliyyətini daha da genişləndirərək iqtidarda qalmaq üçün müxtəlif addımlar atır. Ermənistan cəmiyyəti bunun fərqindədir. S.Sarkisyanın özü də gizlətmir ki, 2017-ci il parlament seçkisində siyasi taleyi həll olunur. O, "Reuters" informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, "parlament seçkisində Ermənistan Respublika Partiyası uduzsa, mənim siyasətdə heç bir işim yoxdur" (bax: Серж Саргсян: "В случае поражения РПА на выборах мне нечего будет делать в политике" – Reuters / "Аравот", 28 iyun 2016).

Ermənistan dövlət başçısının hakimiyyətdə qalmaq məsələsinə toxunması təsadüfi görünmür. Bu, onun siyasi reytinqinin aşağı düşməsi ilə əlaqəlidir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi İrəvanın mövqeyinin xeyli zəifləməsi erməni cəmiyyətində prezidentə olan inamı heçə endirib. S.Sarkisyan da adəti üzrə bu prosesə siyasi riyakarlığı ilə reaksiya verməkdədir.

Bu məsələ yalnız nəyin bahasına olur-olsun hakimiyyəti saxlamaq cəhdləri ilə məhdudlaşmır. Ermənistan rəhbəri qonşu dövlətlərə, ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı qərəzli fikirlər söyləyir. "Reuters"ə müsahibəsində bununla bağlı bir neçə böhtan xarakterli cümlələr işlədib. S.Sarkisyan yenə də Azərbaycanı ittiham etməyə çalışıb. O, "öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən bir ölkə ilə kompromisə necə getməyin mümkün olduğunu insanlar başa düşmür", – deyə böyük bir yalan ifadə edib (bax: Саргсян: Люди не понимают, как идти на компромисс со страной, не выполняющей свои обязательства / "Panarmenian.net", 25 iyun 2016).

Görəsən, Azərbaycan hansı beynəlxalq öhdəliyə əməl etməyib? Əgər, S.Sarkisyan aprel döyüşlərini nəzərdə tutursa, təxribat Ermənistan tərəfdən olub və Azərbaycan yalnız cavab tədbirləri görüb. Müsahibədə erməni lider məhz aprel savaşında Ordumuzun uğurunu nəzərdə tutaraq Bakını günahlandırmağa cəhd edib. Bu, onu göstərir ki, Ermənistan prezidenti üçün heç bir siyasi etiket və ədalətlilik ölçüsü yoxdur. O, erməni ordusunun aldığı ağır zərbəni ört-basdır etmək üçün siyasi ibarələrdən və əsassız arqumentlərdən yararlanmağa çalışır. Bütün dərdi ondan ibarətdir ki, bundan sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlar keçirməsinə Ermənistana havadarlıq edən ölkələr icazə verməsin.

Burada başqa səbəb yoxdur. Rəsmi İrəvan yaxşı bilir ki, zəbt etdiyi Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri gec və ya tez qovulacaq. Bunun qarşısını yalnız dünyanın böyük dövlətləri ala bilər. Yeri gəlmişkən, onlar da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdırlar. Deməli, yeganə əlac şər-böhtan atıb, Azərbaycanın aqressiv obrazını yaratmaq və erməniləri "qırılmaqdan" qurtarmaq üçün xristian dünyasına yalvarmaqdadır. Bunu Roma Papasının İrəvana səfəri zamanı da aydın gördük.

Seçim məqamı: karyera, yoxsa ədalətli mövqe?

Belə görünür ki, S.Sarkisyan siyasətdə naşı adam kimi diplomatiya ilə yalvarmağı qarışıq salıb. O, qəmli duruşu ilə özünün yazıq obrazını yaradıb, Qərb dövlətlərində özünə himayə axtarır. Bunda, əslində, İrəvanın havadarları günahkardır. Çünki onlar indiyədək ermənilərin haqsız mövqeyini gizli və dolayısı ilə müdafiə edib, onların vəhşiliklərinə və qonşularına olan iddialarına haqq qazandırıblar.

Məsələn, Vatikan "ilk xristian dövlətinə səyahət" ifadəsini işlədirsə, faktiki olaraq Azərbaycan torpaqları üzərində süni yaradılmış Ermənistanın düz yolda olduğunu bəyan edir. Tarixdən yaxşı məlumdur ki, Roma Papasının "ilk xristian dövləti" adlandırdığı ərazi başdan-ayağa türk-müsəlman mədəniyyəti ilə zəngindir. Orada xristianlığa aid real bir mədəni dəlil yox dərəcəsindədir. Yer adları, mədəniyyət abidələri, dövlətçiliklə bağlı baş verən hadisələr və digər faktlar indi Ermənistan adlandırılan yerlərdə Azərbaycan dövlətçilik ruhunun mövcudluğunu tam sübut edir. Deməli, Roma Papası da tarixi təhrif edir, işğalçıya haqq qazandırır.

S.Sarkisyan bu kimi hadisələrdən ruhlanaraq "Reuters" agentliyinə çəkinmədən bildirir ki, uydurma "erməni soyqırımı"nı bundan sonra daha çox ölkələr tanıyacaq (bax: Позиция Папы Римского проложит путь для признания Геноцида армян другими нациями – Серж Саргсян / "Tert.am", 27 iyun 2016). Şübhəsiz ki, bu cür davranışlar regionda və dünyada sülhün bərqərar olmasına xidmət etmir. Bunu təcrübə göstərir və Avropa siyasətçi və din xadimlərinin yanlış yolda olduğunu zaman özü təsdiqləyəcək. Azərbaycan və Türkiyənin qonşularına qarşı hər hansı utandırıcı hərəkəti olmayıb. Əksinə, ilk növbədə ermənilər qərəzli, təcavüzkar və işğalçı siyasət mənbəyi olublar.

Həm də bu səbəbdəndir ki, erməni siyasətçilər başqasını şərləməyə çalışıblar. S.Sarkisyan da Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməklə real vəziyyəti gizlədir. Fakt ondan ibarətdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və buradan çıxmaq istəmir. Vəziyyəti dəyişməz saxlamaqla İrəvan vaxt qazanır, münaqişəni qeyri-müəyyənliyə doğru sürükləyir.

Azərbaycan isə, təbii ki, bununla razılaşa bilməz. Bakı torpaqları işğaldan azad etmək üçün BMT Nizamnaməsində nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edə bilər. Xatırladaq ki, orada təcavüzkarın hərbi güc vasitəsi ilə yerində oturdulması ilə bağlı bənd də vardır. Hətta bu işdə beynəlxalq birlik təcavüz qurbanına yardım da etməlidir.

Bu səbəblərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin öz Twitter səhifəsində aprel hadisələrinin Ermənistan və vasitəçilər üçün siqnal olması barədə yazması çox məntiqlidir. Ermənistan bilməlidir ki, Azərbaycan rəhbərliyi mövqeyindən dönməyəcək, Ordu isə istənilən zaman torpaqların azad edilməsinə başlaya bilər. Azərbaycan Prezidentinin dediyi sözə əməl etdiyini yaxşı bilən ermənilər bundan təşvişə düşüblər.

Görünür, S.Sarkisyan da narahatlığını gizlədə bilmir. O, adıçəkilən müsahibədə öz siyasi karyerasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlayıb. Erməni lider Devid Kemeronu misal göstərərək, "gözləyək, hadisələr hansı istiqamətdə inkişaf edəcək", – deyib (bax:Reuters: Президент Армении увязал свою политическую карьеру с урегулированием карабахского вопроса / "Panarmenian.net", 28 iyun 2016). Deməli, Ermənistan prezidenti Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini istisna etmir. Bunun üzərindən siyasi spekulyasiyalar etməsinin nə fayda verəcəyi məlum deyil.

S.Sarkisyanın yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə siyasətə yalanla gələn adamların sonradan ədalətli olması olduqca çətindir. Lakin bütövlükdə erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. Region üçün də təhlükələr meydana gəlir. Bunu Cənubi Qafqaz xalqları görürlər. Yaxşı olardı ki, erməni təcavüzünü görməzdən gələn və rəsmi İrəvana müxtəlif bəhanələrlə yardım edən havadarlar da, nəhayət, görməyə başlasınlar, öz vicdanlarının səsinə qulaq assınlar. Axı, Sokrat Qərb filosofu kimi vicdanın səsini dinləməyi çox vacib sayırdı?!

Newtimes.az 

 

Paylaş:
414

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər