Stratfor: “Dağlıq Qarabağ münaqişəsinin həllində sözlərdən çox fəaliyyət tələb olunacaq”
Cari ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesində müşahidə olunan canlanma ilə bağlı “Stratfor” qlobal starteji təhlillər və proqnozlaşdırma mərkəzinin hazırladığı “Talking around the conflict in Nagorno-Karabakh” (Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar) (http://www.euractiv.com/section/global-europe/news/talking-around-the-conflict-in-nagorno-karabakh/ ) başlıqlı yazı Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında dərc olunub.
1news.az-ın verdiyi məlumata əsasən, yazıda, cari ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesinin sürətləndiyi, cari ilin 12 iyul tarixində Rusiya xarici işlər naziri S.Lavrovun Bakıya səfəri zamanı danışıqların hazırki vəziyyətini müsbət qiymətləndirdiyi, Rusiyanın bu prosesdə ən vacib vasitəçi olduğu qeyd edilir, ümumiyyətlə aprel qarşıdurmalarından sonra dondurulmuş münaqişənin yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə qayıtdığı vurğulanır.
Sonda təhlilçilər məsələyə dair proqnozlarını təqdim edərək, status-kvoda mühüm dəyişikliklərin əldə edilməyəcəyi təqdirdə danışıqların uzun müddət aparılmasının mümkün olmayacağını, aprel qarşıdurmalarına hər şeydən əvvəl danışıqlar prosesində irəliləyişin olmaması faktorunun təkan verdiyini, diplomatiya yolu ilə nəzərəçarpacaq nəticələrə nail olunmayacağı halda, aprel hadisələrinə bənzər və ya daha ciddi hərbi qarşıdurmaların təkrarlanmasının Azərbaycan tərəfindən istisna edilməyəcəyini bildirir, nəticə etibarilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sözlərdən çox fəaliyyətin tələb olunacağını vurğulayırlar.
1news.az