Qobustanda “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib – FOTO
Qobustanda “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib.
1news.az-ın məlumatına görə, tədbir Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Qobustan İdman Kompleksində sərgilənən qədim xalq sənət nümunələri ilə tanış olub, yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb, yerli musiqiçilərin səsləndirdikləri xalq mahnılarına qulaq asıblar.
Gənclər Mərkəzində keçirilən konfransı Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov açaraq, tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb, bu bəşəri dəyərlərin dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet məsələ kimi dayandığını diqqətə çatdırıb. Natiq dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini ölkəmizdə məhz bu dəyərlərə verilən xüsusi diqqətin təzahürü kimi səciyyələndirib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə, Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və başqaları məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanındığı qeyd edilib, multikulturalizmin ölkəmizdə artıq alternativi olmayan həyat tərzinə çevrildiyi bildirilib.
Konfransda Azərbaycanda 60-dan çox millətin nümayəndəsinin yaşadığı, bununla yanaşı, dini zəmində heç vaxt münaqişənin olmadığı diqqətə çatdırılıb, bu tolerant dəyərlərin digər ölkələr üçün nümunə olduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb. Təsadüfi deyildir ki, bu, əsas qanunumuz olan Konstitusiyamızda da öz əksini tapıb. Ötən əsrin 90-cı illərində mədəniyyətlərin, sivilizasiyaların toqquşması kimi nəzəriyyənin meydana çıxması artıq öz təhlükəli, acı nəticəsini verməkdədir.
Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı multikultural siyasət bir çox dövlətlər üçün əsl nümunədir. Heç şübhə yoxdur ki, gec-tez tarixi ənənələrdən qaynaqlanan Azərbaycan multikulturalizmi dünya ölkələrinin fərqli mədəniyyətlərə baxışlarının müsbət mənada dəyişməsinə səbəb olacaq, beynəlxalq aləmdə uğurlu bir nümunə kimi tətbiq ediləcək.
1news.az