Balakəndə xüsusi əməliyyat keçirilib, polis müqavimət göstərən şəxsə atəş açıb
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verduyu xəbərə görə, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.
Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01:00 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.
K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.
1news.az