Novruz Məmmədov: “Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir”
“Prezident İlham Əliyev kimi, hamımız Türkiyədə baş verən hadisələri narahatlıqla izlədik. Bu hadisələrdən bütün Azərbaycan narahat olub, bu da təbiidir.
Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov sözlərinə əlavə edib ki, eləcə də bu, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir:
“Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri baş tuta, qəbul edilə bilməz. Bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezident, hökumət var. Xalq da onlarla birdir, onların arxasındadır. Bu çevriliş cəhdinin Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacağını düşünürəm”.
AZƏRTAC