Kerrinin son turnesi: Gürcüstan və Ukrayna səfərinin iki aspekti - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Kerrinin son turnesi: Gürcüstan və Ukrayna səfərinin iki aspekti - Newtimes.az

17:31 - 25 / 07 / 2016
Kerrinin son turnesi: Gürcüstan və Ukrayna səfərinin iki aspekti - Newtimes.az

Dövlət katibi Con Kerrinin Amerikada prezident seçkisi öncəsi iki keçmiş sovet respublikasına səfərinin bir sıra səbəblərini göstərirlər. Ekspertlər hesab edirlər ki, bu, onun Gürcüstan və Ukraynaya son gəlişi ola bilər.

Həmin mənada dövlət katibi bu ölkələrlə "vida görüşü" keçirib. Ancaq əsas məsələ sentimentallıqda deyil, görüşlərdə qlobal və regional təhlükəsizliklə bağlı ciddi müzakirələrin aparılmasındadır. Vaşinqton Tbilisi və Kiyevə öz iradlarını bildirməklə yanaşı, onlara böyük dəstəyini də vəd edib. Belə hiss olunur ki, Qərb dövlətləri hər iki ölkə ilə münasibətlərinə getdikcə daha çox ölçüdə qlobal geosiyasi mənzərə aspektində qiymət verir. Bu da bir tərəfdən meydana yeni ziddiyyətlər çıxarır, digər tərəfdən isə təhlükəsizlik problemini daha da aktuallaşdırır.

İrad və tərif: Vaşinqton xəbərdar edir

Qərb-Rusiya münasibətlərinin gərginləşməkdə davam etdiyi bir zamanda Con Kerrinin Gürcüstan və Ukraynaya səfərinə ekspertlər müəyyən kontekstdə yanaşmağa üstünlük verirlər. Dövlət katibinin həm də NATO-nun Varşava sammiti ərəfəsi iki keçmiş sovet respublikasına baş çəkməsində intriqalı siyasi-diplomatik məqam axtarırlar. Müzakirə olunan məsələlərin təhlili göstərir ki, əslində, burada vəziyyət təqdim edildiyi kimi sadə məqamlardan asılı deyil. Qlobal miqyasda kifayət qədər ziddiyyətli geosiyasi faktorlar özünü göstərir. Bu, regional səviyyədə cərəyan edən proseslərə birbaşa təsir göstərir. Xüsusilə postsovet məkanı üçün aktual olan amillər, ilk növbədə təhlükəsizliyin təmini, suverenliyin və müstəqilliyin qorunması ayrıca əhəmiyyət kəsb edir.

Bu prizmadan C.Kerrinin Gürcüstan və Ukraynaya səfəri doğrudan da çox maraq doğurur. Bəs nəyə görə məhz bu iki ölkə seçilib? Buna səbəb hər iki ölkənin daha çox qərbpərəst mövqe tutması və buna paralel olaraq anti-Rusiya düşərgəsində dayanması ola bilər. Hərçənd, Tbilisi son iki ildə Moskvaya tərəf müəyyən reveranslar etməyə çalışır. Bunlardan başqa, Rusiya Gürcüstan və Ukrayna ərazilərində torpaqları tutub və buranı tərk etmək fikrində deyil.

Yuxarıda vurğulanan məqamlarla yanaşı, ekspertlər belə bir qənaətdədirlər ki, Qərb siyasətinin son dövrlərdə keçirdiyi böhran da C.Kerrinin yolunu Tbilisi və Kiyevə salıb. Çünki "Brexit", maliyyə-iqtisadi böhran, miqrant probleminin təsiri nəticəsində zəifləməkdə olan "Qərb cəbhəsi"ndən Gürcüstan və Ukraynanın uzaqlaşmaq meylinə düşməsi istisna deyil. Gürcü ekspertlərin fikrincə, Avropaya qarşı bədbin münasibətin formalaşmaması üçün Amerika diplomatiyası fəallıq göstərməyi qərara alıb. Məsələn, gürcü ekspert Giya Xuxaşviliyə görə, "ABŞ Qərb cəbhəsini maksimal dərəcədə toparlamağa çalışır" (bax: Нестан Чарквиани. Визит госсекретаря США Керри в Грузию: глобальный и локальный контекст / "Голос Америки", 7 iyul 2016).

Lakin bu, məsələnin yalnız bir aspektidir. Çünki Qərbi Gürcüstan və Ukraynada dövlət quruculuğunun fəlsəfəsi də çox maraqlandırır. Bunu C.Kerrinin Tbilisi və Kiyevdə verdiyi mesajlardan aydın görmək mümkündür. Maraqlıdır ki, məhz bu məqamda Vaşinqtonun Ukrayna və Gürcüstana olan münasibəti eynidir. Dövlət katibi Tbilisidə açıq bəyan edib ki, Gürcüstan üçün payızda keçiriləcək parlament seçkisi "ədalətli və şəffaf olmalıdır". Bu seçkilər NATO-Gürcüstan və ABŞ-Gürcüstan əlaqələrinin gələcəyi baxımından "Gürcüstan üçün daha bir sınaq testi olacaq" (bax: Нестан Чарквиани. Джон Керри в Грузии / "Голос Америки", 6 iyul 2016).

Deməli, ABŞ hökuməti Tbilisidən "Qərbin xeyri"nə demokratiya gözləyir. Bu, bir qədər qəribə səslənə bilər. Lakin C.Kerri aydın ifadə edir ki, payızdakı seçkidə Rusiyameylli qüvvələr uğur qazansalar, bu, "demokratiyaya zərbə" olacaq və eyni zamanda, Qərb-Gürcüstan münasibətlərində problemlər meydana gələ bilər. O cümlədən Gürcüstanın çox can atdığı NATO-nun qapıları bağlana bilər.

Parlamentdə Qərb siyasi yönümlülər üstünlük təşkil edərsə, Vaşinqton Gürcüstanın yanındadır! Bunun da işarəsini dövlət katibi incə bir şəkildə Tbilisidə verib. O, baş nazir Georgi Kvirikaşvili ilə görüşdə deyib: "Mən Gürcüstan qarşısında duran problemləri yaxşı başa düşürəm...Biz sizin həyata keçirdiyiniz islahatları qəbul edirik" (bax: əvvəlki mənbəyə). Ekspertlər bu fikirləri Vaşinqtonun Gürcüstan hakimiyyətinin islahatlar kursuna yüksək qiymət verməsi kimi izah edirlər. Təsadüfi deyil ki, Amerika tərəfi Gürcüstana 4,5 milyard dollar həcmində sərmayə qoyub, eyni zamanda, strateji tərəfdaşlığın vacib elementi hesab etdiyi müdafiə sahəsində də dəstək verir.

Təhlükəsizlik problemi: islahatları arxa plana atmır

Bu baxımdan Tbilisidə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla bağlı yeni razılığın əldə edilməsi mühüm hadisə sayılır. Bundan sonra ABŞ Gürcüstana birbaşa silah sata biləcək, onun ordusunun təlimində yaxından iştirak edəcək, hərbi-texniki dəstək göstərəcək. Müdafiə naziri Tinatin Xidaşeli vurğulayıb ki, "söhbət Gürcüstana havada, suda və quruda yardım etməkdən gedir... Söhbət bizim ölkənin müdafiəsi üçün lazım olan hər şeydən gedir" (bax: əvvəlki mənbəyə).

C.Kerri də imzalanan sənədi kifayət qədər nikbin xarakterizə edib. O deyib ki, "Gürcüstan əhalisinin özü Avro-Atlantik gələcəyi seçib və ABŞ bu işdə ona yardım etməyi özünə borc bilir. Mən sevinirəm ki, baş nazirlə birlikdə təhlükəsizlik və ikitərəfli əməkdaşlıqla bağlı memorandum imzaladıq, sonra bu, təhlükəsizlik sahəsində tərəfdaşlığa, Gürcüstanın sabitliyinə və onun müdafiə qüdrətinin artmasına kömək edəcək" (bax: əvvəlki mənbəyə).

Təbii ki, bütün bunların fonunda C.Kerri Moskvaya müraciət edərək, zəbt etdiyi torpaqlardan çəkilməsini də bəyan edib (bax: Джон Керри призвал Москву к деоккупации Грузии / "Грузия Online", 6 iyul 2016). Bununla da Vaşinqton həm tərif yağdırır, həm də islahatlar sahəsində işləri inkişaf etdirməyi gözlədiyini bildirir. Ukraynaya da tam eyni münasibəti C.Kerri Kiyevdə ifadə edib.

Ancaq o, Kiyevin islahatlar sahəsində qüsurlarından da danışıb. C.Kerri prezident Petro Poroşenko ilə görüşdən sonra Ukraynada iqtidarın islahatlar sahəsində "işləri görmədiyini" açıq deyib. O vurğulayıb ki, "Ukraynada demokratiyanı möhkəmləndirmək üçün hələ çox işlər görmək lazımdır" (bax: Украинский кризис / ТВЦ, 7 iyul 2016). O cümlədən korrupsiya və rüşvətxorluqla mübarizədə, prokurorluq və məhkəmə sahəsində, maliyyə sistemində, özəlləşdirmədə ciddi dönüş əldə edilməlidir.

Lakin C.Kerri Vaşinqtonun Ukraynaya verdiyi dəstəyi də birbaşa ifadə edib. Xüsusilə təhlükəsizlik və müdafiə sahəsində ABŞ Ukraynaya yardım edəcək, ölkənin NATO ilə əlaqələrinin genişlənməsi və dərinləşməsinə çalışacaq, Minsk razılaşmalarının yerinə yetirilməsi üçün birgə fəaliyyət göstəriləcək. Ukrayna ordusunun yenidən qurulması üçün Amerika lazım olan dəstəyi verəcək.

Bütün bunlarla yanaşı, ekspertlər daha çox C.Kerrinin Ukraynanın şərqində yaranmış vəziyyətə münasibətinə maraq göstərirlər. Dövlət katibi Moskvanı aqressiyada ittiham edərək, Ukrayna ərazisindən çəkilməyənə qədər sanksiyaların qalacağını söyləyib (bax: Татьяна Ивженко. Керри подготовил Порошенко к саммиту НАТО / "Независимая газета", 8 iyul 2016).

Beləliklə, ABŞ-ın dövlət katibinin Gürcüstan və Ukraynaya səfərinin həm qlobal, həm də regional konteksti var. Vaşinqton geosiyasi səhnədə Qərbin müəyyən çətinliklərlə üzləşməsindən narahatdır. O, Avropa istiqamətində siyasətini daha da aktivləşdirərək, müstəqilliyini əldə etmiş dövlətlərin Qərbdən üz döndərməsinə əngəl olmağa çalışır. Bu bağlılıqda Tbilisi və Kiyevə həm tənqidi yanaşıb, günahı onların üzərinə atır, müəyyən dərəcədə özlərinin Qərbə borclu hiss etməsinə cəhd edir, həm də yardım əlini uzadır. Məhz həmin mövqedən Amerika Gürcüstan və Ukrayna rəhbərliyini xəbərdar edir. Onların Moskvanın təsiri altına düşə bilməsindən ehtiyatlanır. NATO ilə bağlı verilən vədlərin xeyli dərəcədə bu məqamla əlaqəli olduğunu demək olar.

Bunlar onu göstərir ki, postsovet məkanında geosiyasi mübarizə yeni səviyyəyə yüksələ bilər. C.Kerrinin Gürcüstan və Ukraynada ifadə etdiyi fikirlərin bir qismi bu kontekstdə idi. Moskvaya olan iradlar onun əlamətləridir. Yəni məsələ yalnız ABŞ-Gürcüstan və ABŞ-Ukrayna münasibətlərinin dairəsi ilə məhdudlaşmır. Ona geniş aspektdə baxmaq və qiymət vermək lazımdır. Deməli, qlobal güclərin yeni mübarizə səhnələri hələ qabaqdadır.

Newtimes.az

Paylaş:
514

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər