Kamran Bayramov: İstənilən sivil cəmiyyətdə yeni ictimai münasibətləri tənzimləyən hüquqi normalar yaradılır
“İstənilən sivil cəmiyyətdə yeni ictimai münasibətlər yarandıqda həmin münasibətləri tənzimləyən hüquqi normalar yaradılır. Bununla əlaqədar istənilən dövlətdə onun ictimai həyatında dəyişikliklərdən irəli gələn hüquq normalarının daimi təkmilləşdirilməsi prosesi baş verir. Burada ölkəmiz istisna deyil, əksinə Azərbaycan Respublikasının XXI əsrdə inkişaf templəri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və bütün sahələri əhatə edən islahatlar qanunvericiliyimizin daim təkmilləşdirilməsini, onun hazırkı vəziyyətə uyğunlaşdırılmasını zəruri edib”.
1news.az-ın verdiyi xəbərə görə, bunu millət vəkili Kamran Bayramov Facebook səhifəsində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsi ilə bağlı öz fikirlərini bildirərkən deyib:
“Buna baxmayaraq, istənilən dövlətin hüquq sistemində onun nisbi sabitliyini təmin edən normativ akt vardır, bu da dövlətin Əsas Qanunudur, Konstitusiyadır. Bu onunla əlaqələndirilir ki, Əsas Qanunun normaları hüquqi münasibətlərin bütün iştirakçılarının davranışının əsas qaydalarını müəyyən edir və həmin normalar dəyişiklərə ən az məruz qalan normalardır. Eyni zamanda, Əsas Qanunun müddəalarının tələsik, konyuktur formada dəyişdirilməsini qarşısını almaq məqsədilə konstitusion normalar yüksək hüquqi müdafiə ilə təmin olunur. Lakin, Konstitusiyaya dəyişikliklərin edilməsi, onun köhnə müddəlarının müasir normalarla əvəz edilməsi zərurəti gec-tez yaranır. Bu, təbii prosesdir və buna obyektiv və düzgün yanaşmaq lazımdır.
İstənilən demokratik dövlətdə referendum siyasi və ideoloji baxımdan o halda səmərəli ola bilər ki, əhali tərəfindən vacib demokratik institut kimi düzgün qəbul edilmiş və dəstəklənmiş olsun, ictimai rəy isə yanlış sosial dəyərlərlə çaşdırılmamış olsun.
Azərbaycan Respublikasının siyasi-hüquqi və iqtisadi sistemində həyata keçirilən islahatların dərinliyi və miqyası dəyişikliklərə əhalinin geniş təbəqələrinin cəlb edilməsini şərtləndirir. Müasir dövlətçiliyin formalaşdırılması prosesində birbaşa xalq hakimiyyəti institutlarına, o cümlədən ümumxalq səsverməsinə, yəni referenduma xüsusi yer ayrılır. Bu baxımdan xalq hakimiyyətinin müxtəlif formalarının geniş tətbiq edilməsi müasir dövlətin idarə edilməsinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynaya bilər.
Referendumda iştirak etmək hüququ vətəndaşlara ictimai və dövlət həyatından irəli gələn məsələlərin həllində birbaşa iştirak etmək və cəmiyyətin inkişafına təsir göstərmək imkanlarını yaradır. Azərbaycan Respublikası vətəndaşlarının ümumxalq səsverməsində iştirak etmək hüququ dövlətimizin demokratik quruluş əsaslarının söykəndiyi fundamental konstitusion dəyərlərin ifadəsi kimi qiymətləndirilməlidir.
Hesab edirəm ki, cəmiyyətimiz qanunvericiliyimizin daha da təkmilləşdirilməsinə, bununla da dövlətimizin gələcək inkişafı, xalqımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün daha əlverişli şəraitin yaradılmasına hazırdır və müfaviq qərar qəbul olunarsa, vətəndaşlarımız düzgün seçim edəcəklər”.
Mövzu ilə əlaqədar oxuyun:
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə rəy verib – YENİLƏNİB
1news.az