Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edilib

21:53 - 25 / 07 / 2016
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edilib

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

1news.az-ın məlumatına görə, müvafiq qanunvericiliyə uyğun olaraq  həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

1news.az

 

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər