Qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib
Avqustun 3-də Bakının Nizami rayonundakı 129 nömrəli məktəbdə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunlarla görüş keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə məktəbin direktoru Esmira Quliyeva məzunları əldə etdikləri bu böyük nailiyyət münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Bildirilib ki, bu il təhsil ocağını bitirən 60 məzundan 52-si qəbul imtahanlarında 300-dən çox bal toplayıb. Məzunlardan doqquzu 500-dən, dördü isə 600-dən çox bal toplayıb.
Qeyd edilib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsirlərini göstərir.
Məktəbin direktoru yeni tədris ilində nailiyyətləri daha da artıracaqlarını bildirib.
Çıxış edən məzunlar ölkəmizdə təhsilin inkişafına və gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar Vətənimiz və xalqımız üçün layiqli vətəndaş olmağa çalışacaqlarını qeyd ediblər.
1news.az