Qobustanda 14 min sakinin içməli su ilə təminatı yaxşılaşdırılacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda 14 min sakinin içməli su ilə təminatı yaxşılaşdırılacaq – FOTO

17:38 - 05 / 08 / 2016
Qobustanda 14 min sakinin içməli su ilə təminatı yaxşılaşdırılacaq – FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. 

1news.az-ın məlumatına görə, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib. 

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması” layihəsi  2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində  11,7 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb. Layihə çərçivəsində Qobustan rayonunun  Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Ümumilikdə  layihədən 14 minədək sakin faydalanacaq.

Məlumata görə, inşasına 2015-ci ilin may ayının 10-da başlanan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılıb, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik,  7,2 km magistral xəttin isə 6,9 km  hissəsində işlər başa çatıb, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etirilir.

Şəhər üzrə layihələndirilmiş 61,4 km içməli su  şəbəkənin 37 km-lik hissəsində işlər başa çatdırılıb, 850 yaxın  evə  birləşmə verilib. Eyni zamanda  59,2 km kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu  inşa edilmiş, 1653 ünvana  birləşmə verilib.

Qobustan şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”  çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. 

Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin  inşası işləri davam etdirilir.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər