“Tax free” sisteminin əhatə dairəsi genişləndiriləcək
Azərbaycan “Tax free” sistemindən sərhəd-keçid məntəqələrində və limanda da istifadə etmək mümkün olacaq.
1news.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini İlkin Vəliyev avqustun 4-də İlham Əliyevin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam ilə bağlı bu sahədə görüləcək işləri şərh edərkən deyib:
“Hazırda “Tax free” sistemi ancaq hava limanında tətbiq edilir. Sərəncama uyğun olaraq bu sistemin sərhəd-keçid məntəqələrində, dəniz limanında və dəmir yolu nəqliyyatında tətbiqi nəzərdə tutulur. Bildiyiniz kimi bu sistemin Azərbaycanda tətbiqinə iyunda başlanılıb. Artıq 104 min manat məbləğində ƏDV 45 ölkədən olan əcnəbi vətəndaşlara qaytarılıb. Alış-veriş üzrə ümumi dövriyyə 2 milyon manatdan artıq olub”, - deyə naziri müavini qeyd edib.
Babək Cahandarov