Ziyafət Əsgərov: Referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirir
“Azərbaycanda iki məsələ - sərhədlərin dəyişdirilməsini və Konstitusiyaya dəyişiklərini ancaq referendum yolu ilə etmək mümkündür”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov söyləyib.
Z. Əsgərov deyib ki, Azərbaycanda referendum keçirilməsi təcrübəsi var:
“Bu gün dünyada heç bir dövlət deyə bilməz ki, mən tam hüquqi dövlətəm. Mərhum prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik. Referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirir. Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var. Biz hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.
1news.az