Kembric lüğəti 2026-cı ilin sözünü açıqlayıb

“İnsan” mənasını verən “Human” sözü Kembric lüğəti tərəfindən 2026-cı ilin sözü seçilib.
1news.az xəbər verir ki, lüğətdə “human” sözü tanrılardan, heyvanlardan və maşınlardan fərqli olaraq, insana xas xüsusiyyətlərə, çatışmazlıqlara və duyğulara malik olmaq kimi izah edilir.
Kembric Universiteti Nəşriyyatının idarə heyətinin üzvü Françeska Vudvord AFP-yə açıqlamasında bildirib ki, süni intellektin sürətlə yayıldığı, hətta onun bəşəriyyət üçün ciddi təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıqların artdığı bir dövrdə bu sözün seçilməsi təsadüfi deyil.
Onun sözlərinə görə, son bir ildə insanların insan olmağın mahiyyəti barədə düşünməsinə səbəb olan əsas amillərdən biri süni intellektin iş yerlərini əvəzləyə biləcəyi ilə bağlı narahatlıqlardır.
“Düşünürəm ki, insanlar özlərinə insan olmağın nə demək olduğunu xatırlatmağa çalışırlar”, - Vudvord qeyd edib.
O bildirib ki, “Human” sözü süni intellekt və rəqəmsal dünya ilə bağlı digər namizədləri geridə qoyaraq ilin sözü seçilib. Bu, texnologiyanın insan həyatına təsirinə dair qlobal marağın nə qədər artdığını göstərir.
Vudvordun sözlərinə görə, Kembric lüğətinin mütəxəssisləri son dövrlərdə “human-made” (insan tərəfindən yaradılmış) və “human-author” (insan müəllif) kimi ifadələrdə “human” sözünün istifadəsinin artdığını müşahidə ediblər.
Kembric Universitetinin elm fəlsəfəsi üzrə mütəxəssisi Tom MakKlelland da bu seçimi maraqlı hesab etdiyini bildirib.
“Bu, həqiqətən də maraqlı seçimdir. Çünki hazırda insanlıq anlayışımız dəyişir”, - o deyib.
Kembric lüğətinin leksikoqrafı Kolin Makintoş isə süni intellektin insan olmaq anlayışı ətrafında müzakirələrin istiqamətini dəyişdirdiyini vurğulayıb. Onun fikrincə, insan olmağın mahiyyətinə marağın yenidən artması dövrün əsas xüsusiyyətlərindən biridir və “Human” sözünün ilin sözü seçilməsi də məhz bununla bağlıdır.
Makintoş qeyd edib ki, insanların düşünmə proseslərini süni intellektə həvalə etməsi müəyyən bacarıqların itirilməsi ilə bağlı narahatlıqları artırıb.
“Düşünmə proseslərimizi kənar mənbələrə həvalə etdikdə nələri itirə biləcəyimizlə bağlı narahatlıqlar süni intellektə nə dərəcədə etibar etdiyimizi yenidən nəzərdən keçirməyimizə səbəb olub. Bu məsələ ən yüksək səviyyəli riyaziyyatçılardan tutmuş azyaşlı uşaqların müəllimlərinədək hər kəsi düşündürür. Ənənəvi olaraq, ‘human’ sözünün tərifi insanı tanrılardan, heyvanlardan və son dövrlərdə isə maşınlardan fərqləndirir”, - o bildirib.
İlin sözünün digər namizədləri
Qeyd edək ki, “Human” sözü ilə yanaşı, 2026-cı ilin sözü seçimi üçün “agent” və “wholesome” sözləri də namizədlər sırasında olub.
“Agent” insan müdaxiləsi olmadan mürəkkəb tapşırıqları yerinə yetirə bilən süni intellekt sistemini ifadə edir.
“Wholesome” isə insanın fiziki, mənəvi və emosional rifahına müsbət təsir göstərən, faydalı və sağlam məzmun daşıyan anlayış kimi izah olunur.











