Yəməndə yaxın günlərdə atəşkəs rejimi elan ediləcək
Yəməndə üsyançı-husilər ölkədə atəşkəs rejiminin tətbiq edilməsinə razılıq verib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd bəyan edib.
Ötən həftə BMT elçisi Maskatda husilər və sabiq prezident Əli Abdulla Salehin nümayəndələri ilə görüşüb:
“Danışıqlar pozitiv atmosferdə keçdi. Görüşün yekunları ilə bağlı nikbinlik üçün əsas var. Yəməndə uzadılması mümkünlüyü ilə 72 saatlıq atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlinib”.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
1news.az