“Samsung Galaxy S8”in təqdim olunacağı tarix açıqlanıb
“Samsung” şirkətinin qabaqcıl smartfonlarının təqdimatı ənənəvi olaraq ayların əvvəlində keçirilir, lakin artıq internetdə “Galaxy S8” qurğusunun hansı funksiyalarla təchiz ediləcəyi barədə məlumatlar yayılmağa başlayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, aparatda “Home” düyməsi ləğv ediləcək, barmaq izləri skaneri isə bilavasitə displeyə quraşdırılacaq. Bundan əlavə, ekran bütün üst qatı örtəcək və “Edge” istehsal xəttindən olan modellərdə olduğu kimi, təkcə yan tərəflərə deyil, həm də yuxarı və aşağıya əyiləcək.
Həmçinin “Galaxy S8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu olacaq. Hazırda isə yeni qurğunun təqdimatının nə vaxt baş tutacağı məlum olub. “Ricciolo” saytı “Twitter” səhifəsində fevralın 26-da Barselonada “MWC 2017” sərgisi çərçivəsində keçiriləcək “Samsung Galaxy Unpacked” tədbirinin elanını yerləşdirib.
Elanda “8” rəqəminin yer aldığı açıq göz şəklini görmək mümkündür. Bu, yeni qabaqcıl qurğunun “Galaxy S8” adlandırılmasının, eləcə də “Galaxy Note 7” smartfonunda olduğu kimi, gözün qüzehli qişası skanerinin mövcudluğunun təsdiqi ola bilər. Həmçinin “Galaxy S8”də “Mali-G71” qrafik sürətləndirici ilə yeni “Exynos 8895” prosessorundan istifadə ediləcəyi barədə məlumatlar yayılıb.
1news.az