Azərbaycanda iqtisadiyyatla bağlı yeni texniki komitələr yaradılır
Azərbaycanda standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır.
Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan yol nəqliyyatı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsi, yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, keyfiyyətin idarə olunması, uyğunluğun qiymətləndirilməsi sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi artıq İSO-nun güzgü komitələridir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Ümumilikdə, cari il ərzində 12 yeni standart dövlət qeydiyyatına alınıb. Bunlar “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”, “Brendi”, “Tünd alkoqollu içkilər”, “Səs siqnal cihazlarının və səs siqnalizasiyası baxımından avtomobillərin rəsmi təsdiqinə dair vahid göstərişlər”, “Mexaniki nəqliyyat vasitələri üçün çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən nəzarət cihazlarının rəsmi təsdiqinə dair vahid göstərişlər”, “Bal” və s. standartlarıdır.
1news.az