26 rayonda müəllimlər imtahan verəcək
Noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
1news.az nazirliyin saytına istinadən xəbər verir ki, diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
2015-ci ildə diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək üçün şərait yaradılacaq.
1news.az