Bakıdakı bütün avtobuslara kameralar quraşdırılacaq
Bakıda fəaliyyət göstərən bütün avtobuslara kameralar quraşdırılacaq.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır.
N.Allahyarovanın sözlərinə görə, məqsəd müntəzəm sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır.
“Bunu nəzərə alaraq, Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən, fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişindaşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə N.Allahyarova vurğulayıb.
1news.az