Qadın boksçularımız Avropa çempionatında 4 medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatında millimiz 4 medal qazanıb.
1news.az-ın məlumatına görə, komandamız qitə birinciliyində 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova türkiyəli Səma Çalışkana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Y.Vstropova iki il öncə keçirilən qitə birinciliyində də hamıdan güclü olmuşdu.
Finalda mübarizə aparan digər təmsilçimiz 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yerli boksçu Stanimira Petrovaya məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova finala gedən yolda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşmada məğlub olaraq bürünc medalla kifayətlənib.
Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqib idmançının qalibiyyəti ilə yekunlaşıb. Nəticədə A.Rzayeva da Avropa çempionatında bürünc medalla başa vurub.
1news.az