AFFA “Qarabağ”ı cəzalandırdı
AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının XIII turunun qalmaqallı “Qarabağ” – “Qəbələ” matçında baş verənləri müzakirə edib.
1news.az xəbər xəbər verir ki, komitə üzvləri görüş zamanı yaşanan neqativ hallara hüquqi qiymət veriblər.
Ağdam təmsilçisi ümumilikdə 6400 manat cəriməyə məruz qalıb.
Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” 800 manat cərimə olunub.
Oyunun 39-cu dəqiqəsində ev sahiblərinin məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində yaşananlar da komitənin diqqətindən yayınmayıb. “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, ağdamlılara 3200 manat cərimə kəsilib.
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, 90+4-cü dəqiqədə “Qarabağ”ın digər üzvü Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Lakin bu hakimin diqqətindən yayınıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat xərcə düşüb.
“Qarabağ”ın 2-ci qolundan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.
Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki kluba nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tapşırılıb.
1news.az