Rusiya-Belarus münasibətləri: məsələlər həllini tapırmı? – Newtimes.az
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvaya səfərinə KİV elə də çox diqqət ayırmadı. Ekspertlərin qiymətləndirmələri də genişliyi və dərinliyi ilə seçilmədi. Ancaq hər halda mətbuata bu səfərin bir sıra pərdəarxası məqamları sızdı. Bəzi ekspertlər də iki ölkə Prezidentinin arasında aparılan müzakirələri təhlil etməyə çalışıblar.
Ümumi mənzərəyə görə, Belarusla Rusiya arasında həll edilməli olan məsələlər qalır. Onlar daha çox iqtisadiyyata, enerjidaşıyıcılarına, nəqliyyata, gömrük məsələlərinə, tranzit tariflərinə və vergiyə aiddir. Tərəflərin bütün bu faktorlar ilə bağlı bir-birinə iradları vardır. Narazılığını gizlətməyən A.Lukaşenko da zaman-zaman öz fikirlərini bildirir. Ümid vardı ki, budəfəki Moskva görüşündə onların çoxunu aradan qaldırmaq mümkün olacaq. Ancaq KİV başqa məqamlardan xəbər verir. Minsklə Moskvanın əksər problemlər üzrə razılığa gələ bilmədikləri qeyd edilir. Bəs bu vəziyyət hansı geosiyasi proseslərə rəvac verə bilər?
Prezidentin hədiyyəsi: "Slutsk kəməri"nin siyasətə aidiyyəti varmı?
Aleksandr Lukaşenkonun Moskva səfərindən rəsmi Minsk çox şeylər gözləyirmiş. İki müttəfiq ölkə arasında iqtisadi və enerji sahəsində yığılıb qalmış bir çox məsələlərin geniş şəkildə müzakirə ediləcəyinə ümid vardı. Belarus Prezidentinin səfərini Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi günlərinə salması da təsadüfi deyildi. Görünür, A.Lukaşenko Rusiya ilə yalnız siyasi deyil, mədəni, tarixi və etnik-dini yaxınlığı da nəzərə aldığını nümayiş etdirməyə çalışıb. Ancaq ekspertlərin bu səfərlə bağlı ifadə etdikləri fikirlər başqa bir mənzərə yaradır. Belə ki, V.Putinlə A.Lukaşenkonun görüşü elə də çox çəkməyib, Minsk də gözlədiyi nəticəni əldə edə bilməyib (bax: məs., Павел Юринцев. "Настроиться на военный лад": с чем Лукашенко вернулся из Москвы? / "EADaily", 25 noyabr 2016).
Rusiya-Belarus münasibətlərində qaz, neft və Belarus iqtisadiyyatının maliyyələşdirilməsi məsələləri bir neçə ildir ki, mübahisəli olaraq qalır. Xüsusilə qaz borclarının ödənilməsində Minsklə Moskvanın hesabı düz gəlmir. A.Lukaşenko bir neçə dəfə qeyd edib ki, gömrük məsələsinin qoyuluşu Belarus tərəfini ziyana salır. Moskva qaza yüksək qiymət qoyub onun ödənilməsini tələb edir. Son olaraq borcun 300 milyon ABŞ dolları olduğu vurğulanır (bax: əvvəlki mənbəyə). Kreml həmin məbləğin ödənmədiyi təqdirdə qaz verilişini dayandıra biləcəyini, ən yaxşı halda başqa problemlərin həllinə baxmayacağını bəyan edib.
Minsk də öz növbəsində Rusiya neftinin ölkə ərazisindən nəqlinə görə tranzit haqqını artırmağa çalışır. Hətta 2017-ci ilin əvvəllərindən Belarusun "Qomeltransneft Drujba" və "Polotsktransneft Drujba" şirkətlərinin tranzit tarifini 20,5% artıracağı barədə məlumatlar da yayılıb (bax: əvvəlki mənbəyə). Bu ilin oktyabr ayında isə Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi qaza görə tranzit haqqını 50% artıracağı ilə hədələyibmiş.
Bu sahədə vəziyyətin necə dəyişəcəyini zaman göstərəcək. Lakin A.Lukaşenkonun zaman-zaman öz narazılığını açıq bildirməsini nəzərə almamaq da olar. Maraqlıdır ki, vahid ittifaq dövlətində birləşən iki ölkə xatırlanan məsələlərdə qarşılıqlı güzəştə getmək istəmirlər. Ola bilsin ki, burada KİV məsələləri müəyyən dərəcədə şişirdir. Bununla yanaşı, bir sıra mütəxəssislər daha dərində olan narazılıq məqamlarını yada salırlar.
Məsələn, MDB Ölkələri İnstitutunun Belarus şöbəsinin müdiri Aleksandr Fadeyev hətta A.Lukaşenkonun Patriarx Kirillə milli "Slutsk kəməri"ni hədiyyə etməsinə siyasi məna verməyə çalışıb. Onun sözlərinə görə, bu kəmər Polşa silklərinə aiddir və onun naxışları türk mədəniyyətinə bağlıdır (bax: "Путин не пожелал обсуждать переживания Лукашенко" / "EADaily", 26 noyabr 2016).
Doğrudan da Belarusun milli mədəni dəyərləri sırasında olan "Slutsk kəmərləri"nin hazırlanmasında Osmanlıdan göndərilmiş usta böyük rol oynayıb (onu deyək ki, həmin usta erməni əsilli olub – Newtimes.az). Ancaq həmin usta Belarusda toxuculuq məktəbləri açıb və 200 ildən çox əvvəl orada bu geyim növünün istehsalı milliləşib. Həmin kəmərlər ənənəvi olaraq Litva knyazlığının üst geyim elementi hesab edilir.
Bunlara baxmayaraq, "Slutsk kəmərləri" Belarus milli mədəniyyətinin elementi kimi qəbul edilib. Belə olan halda A.Lukaşenkonun hədiyyəsinin arxasında hansısa siyasi məna axtarmaq, əslində, belorusların milli kimliyinə tənqidi yanaşmaq deməkdir. Bu səbəbdən belə görünür ki, müəyyən dairələr iki qardaş ölkə arasında ixtilafın yaranmasında maraqlıdırlar.
Müttəfiqlər: ortaq dil tapmaq şansı
Məsələnin digər aspekti bir sıra real çətinliklərin mövcudluğu ilə bağlıdır. Rusiya Belarusun iqtisadi sisteminə maliyyə yardımı edə bilmir, çünki pulu yoxdur. Rəsmi Moskva anlatmağa çalışır ki, sanksiyaların tətbiqi və müəyyən hərbi əməliyyatlara ayrılan xərclər büdcəyə ciddi təsir göstərib. Bu səbəbdən Rusiya Belarusu dotasiyada saxlaya bilməz. Təbii ki, Kremli anlamaq olar. Ölkənin iqtisadi vəziyyəti ürəkaçan deyil. Qərb ölkələri də sanksiyaları ləğv etmək fikrində deyillər. Əksinə, son hadisələr göstərir ki, bu sahədə yeni addımlar atıla bilər. Digər yandan da İraq və Suriyadakı hadisələrə çəkilən xərclər azalmır. Buna görə də Moskva öz müttəfiqinə maliyyə yardımı etməkdə ciddi çətinliklər çəkir. Həm də ondan borcunu ödəməsini tələb edir.
Yaranmış vəziyyətə Belarusun mövqeyindən yanaşdıqda da müəyyən məqamlara ədalətli qiymət vermək lazım gəlir. Məsələ ondan ibarətdir ki, iqtisadiyyatı əsasən Rusiyaya bağlı olan Belarusda pul kütləsi xeyli azalıb. Bu vəziyyətdən necə çıxmaq olar? Təbii ki, Minsk özünə başqa tərəfdaşlar axtara bilər. Bu, onun haqqıdır. Həmin sırada Türkiyə və Azərbaycan da yer alır. Bakı ilə Minsk arasında normal əməkdaşlıq vardır. İki ölkə rəhbərliyi bu istiqamətdə daha da irəli getməyi məqsədəuyğun hesab edirlər. Moskvanın bu məsələyə münasibəti də müsbətdir. Türkiyə Prezidentinin də bu günlərdə Minskə səfəri iki ölkə arasında əməkdaşlığa müsbət təsir göstərə bilər.
Ancaq bütün bunların Belarusda sosial-iqtisadi vəziyyəti nə dərəcədə dəyişə biləcəyi haqqında dəqiq fikir bildirmək çətindir. Bu səbəbdən də A.Lukaşenko Moskvaya üz tutur. Mütəxəssislər bu kontekstdə A.Lukaşenkonun "bizdə iqtisadiyyatda müharibə gedir, hərbi vəziyyətdir" fikrini izah etməyə çalışırlar (bax: Павел Юринцев. "Настроиться на военный лад": с чем Лукашенко вернулся из Москвы? / "EADaily", 25 noyabr 2016).
Bunlarla yanaşı, bir sıra ekspertlər Belarus siyasi elitasının Rusiya ilə iqtisadi əlaqələri tez-tez gündəmə gətirməsinin arxasında başqa məqsədlərin dayandığını deyirlər. Məsələn, belorus ekspert Jan Çubukov hesab edir ki, rəsmi Minsk ölkənin ağır durumuna görə məsuliyyəti öz üzərindən atmağa çalışır (bax: "Путин не пожелал обсуждать переживания Лукашенко" / "EADaily", 26 noyabr 2016). Bir zamanlar Ukrayna rəhbərliyi də eyni yolla gedirdi. Nəticədə, müharibə meydana çıxdı. Minsk də həmin xətti davam etdirsə, ortaya nələrin çıxacağını bəlli deyil, çünki Belarus siyasi elitasında problemlər az deyil (bax: əvvəlki mənbəyə).
Əgər ekspertin bu fikirləri həqiqəti əks etdirirsə, onda Rusiya-Belarus münasibətlərində problemlər həqiqətən də dərinləşə bilər. Başqa halda Minskdə rəhbərliyin dəyişməsinin baş verməsi mümkündür. Hər bir halda çətinliklər göz qabağındadır. Belarusda iqtisadi durum getdikcə daha da ağırlaşır. Burada maliyyə çatışmazlığı öz təsirini göstərir. Bundan başqa, Rusiya ilə iqtisadi əlaqələrdə rentabelliyin Belarusun əleyhinə olması asan aradan qaldırılan məsələyə bənzəmir.
Bunların fonunda Qərbin Belarusa olan münasibətinin məzmunu da göstərir ki, qarşıda ölkəni çətinliklər gözləyə bilər. Qonşu Moldovada İqor Dodonun qalib gəlməsindən sonra həmin geosiyasi məkanda proseslərin hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq bir qədər də çətinləşib. Belarusu da ziddiyyətlər zolağına salmaq planı varmı? Ölkə bu vəziyyətdən necə çıxa biləcək? Yaxın zamanlarda bu kimi sualların aktuallaşması mümkündür. Belarus bir dövlət və millət olaraq sabitliyə, inkişafa və tərəqqiyə layiqdir. İmkan verilsə...
Newtimes.az