Bakıdakı məşhur ticarət mərkəzlərində xeyli sayda pirotexniki məmulatlar aşkar edilib – VİDEO
Bakıda yerləşən ticarət mərkəzlərində ölkəyə qanunsuz yolla gətirilən xeyli sayda pirotexniki məmulatlar aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat veriblər.
Məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.
Lakin bu kimi halların qarşısının alınması məqsədilə respublikamızın gömrük orqanları vaxtaşırı operativ əməliyyat tədbirləri həyata keçirir.
DGK-dan bildiriblər ki, bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.
Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az