Prezident İlham Əliyev Ağaxan Abdullayevin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri xalq artisti, Ağaxan Minaxan oğlu Abdullayev vəfatı ilə əlaqədar başsağlığı veriblər.
1news.az-ın məlumatına görə, nekroloqda deyilir:
"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağaxan Minaxan oğlu Abdullayev 2016-cı il dekabrın 25-də ömrünün 67-ci ilində vəfat edib.
Ağaxan Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alıb. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlayıb. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub.
Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışıb. O, 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlayıb və muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləyib.
Güclü, məlahətli və geniş diapazonlu səsə malik sənətkar Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və özünəməxsus ifa tərzi ilə seçilərək Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Milli xanəndəlik məktəbinin nailiyyətlərinə sədaqətlə muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddət ərzindəki fəaliyyətinin qayəsini təşkil edirdi. Dinləyicinin mənəvi dünyasına nüfuz etmək bacarığına qadir olan Ağaxan Abdullayev milli televiziya və radionun qızıl fondunda qorunan bənzərsiz ifaların müəllifidir. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olub. Xanəndə özünün yüksək səhnə mədəniyyəti sayəsində muğam bilicilərinin ehtiramını və musiqisevərlərin məhəbbətini qazanıb.
Respublikanın müxtəlif ansambllarının və eləcə də milli üçlüklərin müşayiəti ilə çıxış edən sənətkar Azərbaycan muğamını ənənə və novatorluğun vəhdətində üzvi şəkildə birləşdirərək müasir dövrdə onun pərəstişkarlarının sayının qat-qat artmasına nail olub. Xarici ölkələrdə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərinin və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Ağaxan Abdullayev milli mədəniyyətimizi layiqincə təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda məşhur konsert salonlarındakı çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb. Onun səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adını qazanıblar. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası idi.
Ağaxan Abdullayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilib.
Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Ağaxan Minaxan oğlu Abdullayevin əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaq".
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Zeynəb Xanlarova
Siyavuş Kərimi
Əlibaba Məmmədov
Arif Babayev
Canəli Əkbərov
Alim Qasımov
Səkinə İsmayılova
Mənsum İbrahimov
Murad Hüseynov
1news.az