“ATƏT-in uğursuzluğu: regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru” nəşri ingilis dilində çap edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xüsusi nəşri olan “SAM-ın şərhləri”nin növbəti sayı ingilis dilində çap edilib.
1news.az-ın məlumatına görə, SAM-ın baş elmi işçisi Kamal Makili-Əliyevin müəllifi olduğu “ATƏT-in uğursuzluğu: regional təhlükəsizlik təşkilatından siyasi alətə doğru” adlanan bu yeni nəşrdə beynəlxalq münasibətlərin aktorlarından biri və regional təhlükəsizlik təşkilatı kimi ATƏT-in yaranması, inkişafı, institusional və funksional problemlərinin xüsusiyyətləri ətraflı təhlil edilib, onun uğursuzluğuna gətirib çıxaran amillər nəzərdən keçirilib.
Nəşr üzərində işləyərkən ATƏT-in qəbul etdiyi sənədlər və başqa rəsmi mənbələrdən geniş istifadə edən müəllif digər Avropa təsisatları və təşkilatları kimi ATƏT-in də bir sıra dövlətlər və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışdığını, ondan təbii gözləntilər əvəzinə ikili standartlar sərgilədiyini və bu hadisələrin müəyyən presedentlər yaradaraq beynəlxalq hüququn tələblərini pozduğunu və bir sıra haqlı suallar doğurduğunu, xüsusilə təşkilatın suveren Azərbaycana münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsinin vacibliyini qeyd edib.
Bundan başqa, bu yeni nəşrdə ATƏT-in yaranmasına və inkişafına təsir etmiş əsas amillər, Helsinki Yekun Aktının qəbul olunmasının səbəb və nəticələri, habelə təşkilatın əsas fəaliyyət sahələri və bunun Avropada təhlükəsizliyə təsirləri, ATƏT-in siyasiləşdirilmə prosesinin nəticələri, qeyri-obyektivlik, təhlükəsizlik təşkilatı kimi uğursuzluqları, ATƏT-də islahatların aparılması ehtiyacı kimi önəmli məsələlər də araşdırılıb.
Həmçinin xüsusi nəşrdə ATƏT tərəfindən tətbiq olunan ikili standartlar və qeyri-obyektiv qərarların qəbul edilməsi ilə bağlı nümunələr verilib, siyasiləşdirilmiş fəaliyyətinin nəticələri göstərilmiş və təşkilatda islahatların həyata keçirilməsinə dair konkret təkliflər irəli sürülüb.
1news.az