Deputatın 69 yaşlı xanımı: Dünyanın hər yerindən mənə təhqiredici mesajlar yazırlar
“Kimsə mənim telefonumu yayıb. Və dünyanın hər yerindən mənə təhqiredici mesajlar yazırlar”, bunu Astan Şahverdiyevin həyat yoldaşı – Solmaz Şahverdiyeva Publika.az-a verdiyi müsahibədə bildirib.
“Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb”.
“Mən yaşlı insanam, 69 yaşım var. Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə “siz pissiniz” yazırlar? Axı mən nə pislik etmişəm?”, - deyə S. Şahverdiyeva bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı günahkar deyil:
“O, ömrü boyu qaçqın və məcburi köçkünlərin qayğısına qalıb, onların problemlərinə diqqətlə yanaşıb. O, öz xalqını sevən adamdır. İndi kimlərsə onu ləkələməyə çalışır. Əgər siz onu ləkələyəcəksizsə, o zaman biz kimi dəstəkləyək, kimə inanaq? Axı belə şey olmaz!”
Həmçinin o, Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyevin KİV-də yayılmış əmisinin içkili vəziyyətdə olduğu iddiasına da münasibət bildirib:
“Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb”.
Həmçinin Solmaz xanım müsahibəsində A. Şahverdiyevin istifadə etdiyi “bəzi” sözlərin sonradan kəsilməsini da qeyd edib.
“Astan deyir ki, onun müsahibəsindən bir söz ixtisar olunub ki, bu da qalmaqala səbəb olub”.
Qeyd edək ki, Milli Məclisin deputatı Astan Şahverdiyev yaxın günlərdə “Azadlıq Radiosu”na müsahibə verərkən biləsuvarda iştirak edən aksiya iştirakçılarını “əyyaş və narkoman” adlandırıb.
Aksiyanın səbəbi 20 min sakinin yaşadığı 11 qəsəbədə işıqların tez-tez kəsilməsi olub.
“Onlar arasında əyyaş və cəmiyyətin digər tullantıları da var” – deyə “Azadlıq Radiosu” deputatın sözlərini sitat gətirir.
Daha sonra deputat Rusiyaya qazanc dalınca gedən azərbaycanlılar haqda qeyd edib ki, onlara görə bütün xalq haqqında mənfi fikir formallaşır:
“Bilirsiniz səbəb nədir? Mən bu məsələni araşdırmışam. Bilirsiniz Rusiyaya kimlər gedir? Cəmiyyətin “otxod”ları gedir”.
Bu müsahibə Azərbaycan ictimaiyyəti arasında mənfi reaksiyaya səbəb olub. Bununla bağlı deputat təəssüflə bildirib ki, bu kobud ifadəni işlətmək istəməzdi:
“Oradakı yaralı polisləri gördükdən sonra stres keçirdim. Bu vaxt mənə zəng etdilər. Mən insanları təhqir etmək istəməzdim”.
Mövzu ilə əlaqədar oxuyun:
Milli Məclisin İntizam Komissiyası deputat Astan Şahverdiyevin məsələsinə baxıb
Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib
Deputat “otxod” sözünə görə bütün azərbaycanlılardan üzr istədi – AÇIQLAMA
1news.az