Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Əmrə əsasən, bayram ərəfəsində və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq.
1news.az