KTMT ölkələrinin Bakıdakı səfirlikləri Bordyujanın Qarabağla bağlı bəyanatını şərh etmirlər
Dekabrın 29 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən toqquşmalar ilə bağlı provokativ xarakterli bəyanat verib.
Faktiki olaraq, Bordyuja cəbhə xəttində baş verən erməni təxribatını dəstəkləyib və paralel olaraq separatçı rejimi “respublika” adlandırıb.
“Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş verən insidenti nəzərə alaraq, KTMT-yə üzv ölkənin ərazisində baş verən bu olayı təxribat kimi qiymətləndirik”, - deyə Bordyuja bəyanatında qeyd edib.
KTMT ölkələrinin Bakıdakı səfirlikləri bu cür bəyanatlara şərh vermədiklərini bildirərək, təşkilata üzv olan ölkələrin xarici işlər nazirlikləri və yaxud KTMT-nin özü ilə əlaqə saxlamağa çağırıblar.
Rusiya səfirliyində rəsmi olaraq yazılı qaydada müraciət etməyi xahiş etdilər, Belarus səfirliyi ölkəsinin XİN-nin bu barədə hansısa bir reaksiyası olduqda məlumat verməyi söz verdi.
Qazaxstan, Qırğızstan və Tacikistan səfirlikləri isə məlumatdan xəbərsiz olduqlarını bildirərək bir az sonra zəng etməyi xahiş etdilər.
1news.az-ın redaksiyası KTMT-yə üzv ölkələrin xairici işlər nazirliklərinə, həmçinin təşkilatın özünə Bordyujanın bəyanatı şərh etməklə bağlı sorğu ünvanlayıb.
Qeyd edək ki, Nikolay Bordyujanın bəyanatı dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşma ilə bağlıdır.
Məlumata əsasən, Azərbaycan tərəfindən bir hərbçi itkin düşüb, Ermənistan isə canlı qüvvədə itkilər verib.
1news.az