Nikolay Bordyuja kimə xidmət edir?
Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni təxribatını dəstəkləyərək, paralel olaraq “Dağlıq Qarabağ Respublikasını” (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) tanıyıb.
Xatırladaq ki, KTMT-nin saytında yerləşdirilən rəsmi bəyanatda deyilir:
“Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş vermiş ağır insident fonunda, KTMT-yə üzv ölkənin ərazisindəki bu addımları təxribat kimi qiymətləndiririk. Elə təəsürat yaranır ki, iki tərəfin, həmçinin bir sıra ölkələrin rəhbərlərinin ortaya qoyduğu səylər nəticəsində münaqişənin həlli daha fəal gedəcək. Lakin son zaman bölgədən atəşkəs rejiminin pozulması ilə bağlı gələn xəbərlər və hərbçilərin ölümünə səbəb olan dekabrın 29-u baş vermiş insident ciddi narahatlıq doğurur”.
Azərbaycan XİN-i həmin bəyanatı qəbuledilməz hesab edərək qınayıb.
Öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, erməni silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan sərhədlərini pozarkən pusquya düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Milli Məclisin deputatı Rasim Musabəyov 1news.az-a şərh verərkən bildirib ki, Nikolay Bordyuja hər şey deyə bilər, lakin onun fikirləri bu təşkilata daxil olan bir çox dövlətlərin mövqeyini əks etdirmir:
“Belarus, Qazaxıstan, Qırğızıstan KTMT adından cənab Bordyuja tərəfindən irəli sürülən fikirləri tamamilə bölüşmür. Atəşkəsin pozulması ilə deyə bilərəm ki, bu, birinci və axırıncı dəfə təkrarlanmır. Belə ki, erməni ambisiya və təcavüzü beynəlxalq ictimaiyyət, həmçinin Nikolay Bordyujanın təmsil etdiyi təşkilat tərəfindən lazımi səviyyədə mühakimə almır”.
Parlamentari Yeni il ərəfəsində bu cür insidentlərin irimiqyaslı hərbi fəaliyyətə çevrilməsilə də bağlı fikirlərini bildirib:
“Böyük Analitik Mərkəzlərin, həmçinin ABŞ, Avropanın proqnozları ilə razılaşıram. Sülh istiqamətində məhsuldar danışıqlar və real proqress olmazsa Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibələrin baş verməsi qaçılmazdır. Təəssüflər olsun ki, bu cür qiymətləndirmə və proqnozlarla razılaşmalıyam”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov da öz fikirlərini bölüşüb:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi bu vəzifədə o qədər qalıbsa indi də anlaya bilmir ki, o, hərbi-siyasi birliyin baş katibidir və ya təqaüdçüdcüsü” – bu haqda Məmmədov Facebook səhifəsində yazıb.
“Bardyuja öz bəyanatında qeyd edib “...Dağlıq Qarabağ Respublikasında (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş vermiş ağır insident fonunda..” Məgər KTMT-yə üzv-dövlətlərin hamısı bu formasiyanı qəbul edib?! Bu insan kimə xidmət edir?! O bir neçə ay gözləməlidir və bundan sonra Ermənistanın maraqlarını təmsil edə bilər. Düşünürəm ki, bu təşkilata üzv-dövlətlər bu insanın fəaliyyətinə qiymət verməlidir!”
Bununla yanaşı qeyd edək ki, KTMT-yə üzv-dövlətlərdəki səfirliklərdən Bakıya bildiriblər ki, N.Bordyujanın bəyanatına şərh verməyiblər, ya Xarici İşlər nazirliklərinə, ya da KTMT-nin özünə müraciət etməyi bildiriblər.
Rusiyanın səfirliyində rəsmi məktubla sorğu göndərməyi, Belorusun səfirliyində isə XİN-in öz mövqeyini bildirərsə məlumat veriləcəyi bildirilib. Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın səfirliklərində isə qeyd edilib ki, məsələdən xəbərdar deyillər, daha sonra zəng etməyi xahiş ediblər.
1news.az redaksiyası KTMT-yə üzv-dövlətlərin Xarici İşlər nazirliklərinə, eləcə də təşkilatın özünün Bordyujanın bəyanatını şərh etmək üçün sorğu göndərib.
Hazırda bununla bağlı cavab alınmayıb.
1news.az