İsmayıllı, Beyləqan və Xızı rayonlarından olan fermerlərin iştirakı ilə sərgi yarmarkası təşkil olunub – FOTO
Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsi həyata keçirilib.
1news.az-ın məlumatına görə, ümumilikdə özündə 150 nəfər fermer və gənci əhatə edən layihənin məqsədi kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda yerli məhsullara olan tələbatı və həmçinin gənclərin kənd təsərrüfatı sahəsinə marağı artırmaq olub.
Qeyd edək ki, layihə özündə İsmayıllı, Beyləqan, Xızı rayonlarını əhatə edir. Həmin regionlar üzrə aparılmış işlərin son nəticəsi olaraq 29 -30 dekabr tarixlərində “Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı” sərgi yarmarkası təşkil olunub.
Nəzərinizə çatdıraq ki, sərgi yarmarka “Kəndimiz” kənd təsərrüfatı məhsularının satış bazarında keçirilib. “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərgi yarmarkada Beyləqan, Xızı və İsmayıllı rayonlarının kiçik biznes ilə məşğul olan fermerləri öz məhsullarının sərgi və satışını həyata keçiriblər.
Bu sərgi yarmarkada ağartı və süd məhsulları, balçılıq, bağçılıq və bostançılıq, quşçuluq və maldarlıq sahələri üzrə məhsullar təqdim olunub.
Sərgi yarmarkada Prezident Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, SinerjiPro və CDB Bank şirkətlərinin nümayəndələri iştrak ediblər.
Layihə üzrə Xızı, İsmayıllı və Beyləqan rayonlarında fermerlərlə görüşlər keçirilib. Həmin görüşlərdə fermerlərin təsərrüfatları ilə yaxından tanış olunub.
Görüşlər zamanı fermerlərlə sorğular və cari vəziyyətlə bağlı fikir mülahizələri aparılıb. Eyni zamanda layihə çərçivəsində yerli istehsal məhsullarının satışı zamanı qarşılaşdığı problemlərə toxunulub. Kənd təsərrüfatında kiçik bizneslə məşğul olan fermerlərə marketinq fəaliyyəti, məhsulların rəqabət qabiliyyətinin artırılması, yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanunu, qablaşdırma standartlarına dair məlumatlar verilib.
Aparılmış sorğular nəticəsində məlum olub ki, 3 region üzrə fermerlərin əksər hissəsi birgə təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Cüzi bir hissə isə bu təsərrüfatların necə aparıla biləcəyinə dair tam bir fikrə sahib olmadıqlarını bildiriblər. Fermerlərin qarşılaşdığı digər bir problem isə onların istehsal etdikləri məhsulların satışı ilə bağlıdır.
Sorğuların digər nəticəsi isə fermerlərin təklifləri ilə bağlı olub. Təkliflərdən belə qərara gəlinib ki, 3 region üzrə fermerlər öz məhsullarını təhvil vermələri üçün tədarük ambarlarının yaradılmasını istəyirlər. Buna səbəb məhsullarının həmin ambarlar tərəfindən tam alınması və bazarlara paylanılmasıdır. Bununla fermerlər hal-hazırda arada vasitəçi rolunu oynayan alverçilərin məhsulların qiymətlərini suni şişirtmələrinin qarşısını almaq və daha çox məhsul satışını realizə etmək istəyirlər.
Onlar heyvandarlıq məhsullarının tədarükü üçün rayon ərazilərində emal müəssisələrinin yaradılması fikrini də irəli sürüblər. Fermerlər bununla yanaşı kadr çatışmazlığı, torpaqların düzgün istifadə edilməməsi ilə bağlı öz fikirlərini bildiriblər. Dənli və bostan bitkilərinin əkininin regionlar üzrə planlı şəkildə aparılmasının daha məqsədəuyğun və eyni zamanda həm ölkə iqtisadiyyatı, həmçinin fermerlər üçün daha səmərəli olacağını bildiriblər.
1news.az