Novruz Məmmədov: Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az portalında həmrəyliyin Azərbaycan nümunəsi ilə bağlı geniş məqaləsi dərc olunub.
1news.az-ın məlumatına görə, “Həmrəylik: Azərbaycan nümunəsi və tarixi vəzifələr” adlı məqalədə artıq neçə illərdir ki, azərbaycanlıların öz həmrəylik günlərini qeyd etdiyini deyən N.Məmmədov bildirib ki, keçən əsrin 90-cı illərində XX əsrdə əldə edilən ikinci müstəqillik dönəminin başlaması ilə həmrəylik anlayışı yeni məzmun aldı:
“Çünki müasir tarixi mərhələdə azərbaycanlıların həmrəyliyi müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirilməli idi. Ulu öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir. Keçən müddət ərzində dünya azərbaycanlılarının həmrəylik qurultayları keçirilib. Onların hər biri qarşıya ciddi vəzifələr qoyub. Analiz göstərir ki, bu proses olduqca məzmunlu və sistemli aparılıb. Nəticədə, diaspor qurumları da daxil olmaqla böyük təşkilati işlər həyata keçirilib. İndi dünya azərbaycanlıları qarşısında yeni vəzifələr durur. Prezident İlham Əliyevin bununla bağlı müraciəti son dərəcə maraqlı fikirlərlə zəngindir”.
Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyinə keçən əsrin 90-cı illərində qovuşduğunu xatırladan PA rəsmisi bildirib ki, həmin dövrün özünəməxsus sosial, siyasi, geosiyasi, iqtisadi və mədəni xüsusiyyətləri vardı:
“SSRİ mövcud olduğu müddətdə milli respublikalarda cəmiyyətin birliyi sovet ideologiyası əsasında təmin edilirdi. Bu zaman milli ideya məsələsi qaldırılmırdı – insanlar özlərini sovet vətəndaşı kimi identifikasiya edirdilər. Biz bu modelin üstün və zəif cəhətləri üzərində dayanmaq istəmirik. Burada əhəmiyyətlisi sovetlər dağıldıqdan sonra müstəqilliyini əldə etmiş ölkələrdə sosial birliyin, vəhdətin və həmrəyliyin necə təmin edilməsidir. Bax, bu aspektdə vahid SSRİ-də cəmləşmiş respublikalar fərqli yollar seçdilər. Azərbaycanın təcrübəsi onların sırasında ən uğurlu kursun seçildiyini göstərir”.
“Həmrəylik” anlayışının fəlsəfə və elmdə işlədilən mənalarını açıqlayan N.Məmmədovun sözlərinə görə, həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Yekun olaraq, həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi təsəvvür edilə bilər”.
Azərbaycanlıların həmrəylik konsepsiyasının əsasının ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən PA rəsmisi bildirib ki, müasir mərhələdə, müstəqillik dövründə azərbaycanlıların həmrəylik modelinin müəllifi ulu öndər Heydər Əliyevdir. Onun sözlərinə görə, məhz ümummilli liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb.
PA rəsmisi qeyd edib ki, azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Heydər Əliyevin aşağıdakı fikirlərində ifadə olunub:
“Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Burada müasir mərhələdə Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinə verdiyi məzmunun təməl şərtlərinin əks olunduğunu deyən N.Məmmədov bildirib ki, bunlar bütövlükdə azərbaycançılıq ideologiyasının müddəalarıdır. Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir. PA rəsmisi bunlardan çıxış edərək yuxarıda vurğulanan məqamları aşağıdakı kimi qruplaşdırır:
“Birincisi, azərbaycanlıların həmrəylik məsələsi Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşır. Buraya dünyanın bütün regionlarında yaşayan azərbaycanlılar daxildir. Yəni azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi məsələsi qoyulub.
İkincisi, həmrəylik Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm, demokratik düşüncə hüququ tam məzmunu ilə saxlanmalıdır.
Üçüncüsü, dünya azərbaycanlılarının həmrəyliyi müstəqil dövlətin qorunması və ərazi bütövlüyünün saxlanması aspektlərində real məzmun kəsb etməlidir. Bu, həmrəyliyin “bir hədəfi və bir məqsədidir”. Bununla müstəqil dövlətin qorunması hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu kimi başa düşülməlidir. Belə bir yanaşma müasir tarixi mərhələdə “siyasi millət” anlayışının Azərbaycan üçün gözəl bir modelinin ortaya qoyulması deməkdir”.
Daha aydın olması üçün müqayisə aparan N.Məmmədovun sözlərinə görə, Ermənistanda həmrəylik müharibəyə hazır olmaq və zəbt edilmiş başqa dövlətin ərazisini işğalda saxlamaq kontekstində təqdim edilir. Burada qondarma soyqırımı ideyasını beyinlərə yeritmək və bu əsasda başqa millətə nifrət bəsləmək də xüsusi yer tutur. Bu kimi təsəvvürlərə əsaslanan həmrəylik real birlik deyil, daha çox başqasının varlığına təhlükə olmaqdır. Təbii ki, bu, XXI əsrin tələbləri kontekstində tam gələcəyi olmayan bir yanaşmadır.
Ulu öndər Heydər Əliyevin isə həmrəyliyə dövlətin qorunması və ərazi bütövlüyünün saxlanması kontekstində önəm verdiyini deyən PA rəsmisi bildirib ki, burada siyasi, sosial, hərbi, təhlükəsizlik aspektləri ilə yanaşı, mədəni element də mühüm rol oynamalıdır:
“Çünki müasir dövr mədəniyyətlərin yarış mərhələsidir, insan faktorunun inkişaf etdirilməsi zamanıdır. Dövlətin qorunması başqa amillərlə yanaşı, mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ edilməsi ilə sıx başlıdır. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği üçün sistemli şəkildə proqramlar hazırlanıb həyata keçirilir.
Ərazi bütövlüyünün qorunması məsələsi də bu bağlılıqda həmrəylik üçün prinsipial məna kəsb edir. Məsələ ondan ibarətdir ki, hər hansı cəmiyyət özünün siyasi-mənəvi tamlığını təmin edə bilmirsə, o, qloballaşmanın inteqrasiya dalğası altında qalır – öz milli özünəməxsusluğunu itirir. Bu səbəbdən cəmiyyət qlobal miqyasda sivilizasiyaların və mədəniyyətlərin dialoqunda bərabərhüquqlu tərəf ola bilmir. Onda nə dövlətin, nə də xalqın suverenliyindən danışmaq mümkün deyildir. Deməli, Heydər Əliyevin modelində həmrəylik birbaşa suverenliyin təmin edilməsi ilə sıx bağlıdır. Bunu postsovet məkanı üçün ideya yeniliyi kimi qəbul etmək lazımdır. Çünki hələlik başqa bir keçmiş sovet respublikası sırasında həmrəyliyi bu məzmunda ortaya çıxaran qüvvə yoxdur”.
N.Məmmədov məqaləsində diaspor quruculuğu məsələsinə də geniş yer verib. Onun sözlərinə görə, dünya azərbaycanlılarının həmrəyliyinin yuxarıda vurğulanan aspektlərdə dərk edilməsi diaspor məsələsini aktuallaşdırır:
“Aydın görünür ki, həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsi şərtdir. Bu səbəbdəndir ki, ulu öndər Azərbaycan diaspor təşkilatlarının yaradılması və onların səmərəli fəaliyyətinə böyük önəm verirdi. Prezident İlham Əliyev həmin xətti hazırda uğurla inkişaf etdirir. Həyata keçirilən tədbirlərin məzmunundan bu məqamları dolğun surətdə görmək mümkündür”.
İndiyə qədər dünya azərbaycanlılarının dörd qurultayının keçirildiyini diqqətə çatdıran PA rəsmisinin sözlərinə görə, birinci qurultayının keçirilməsi çox uğurlu bir başlanğıc olmaqla bir neçə istiqamətdə fəaliyyət göstərmək üçün meydan açdı. O cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün baza formalaşdırdı:
“Qurultayın imkan verdiyi digər bir proses – dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması alındı. O cümlədən Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün geniş imkanlar ortaya çıxarıldı ki, bu da tarixi rakursda ayrıca əhəmiyyət daşıyır. Bütün bunlar milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addımların atılması fonunda baş verirdi”.
N.Məmmədovun sözlərinə görə, dünya azərbaycanlılarının yuxarıda vurğulanan dörd qurultayında müzakirə olunan məsələlərin məzmunu və alınan qərarlar göstərir ki, keçən müddətdə həmrəyliyin təmin edilməsi sistemli və məqsədyönlü şəkildə aparılıb. Görülən işlərin ümumi məzmunu haqqında Prezident İlham Əliyev dünya azərbaycanlılarına etdiyi müraciətdə dolğun fikirlər ifadə edib və dövlətin xaricdə yaşayan soydaşlarımızın taleyinə diqqətlə yanaşdığını bir daha vurğulayıb:
“Prezident İlham Əliyev dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemləri ilə yaşamalı olduğunu xüsusi vurğulayıb. Prezident problemlərin həlli üçün azərbaycanlıların əlindən gələni etməli olduğunu ayrıca qeyd edib. Bu fikirlərə keçilən yolun zirvəsindən baxdıqda, yeni vəzifələr təsiri bağışlayır. Artıq cəmiyyətimiz dövlət quruculuğu prosesində yeni səviyyədə aktivlik göstərməlidir. Bunu müasir dövrün qoyduğu şərtlər, meydana çıxardığı çağırışlar tələb edir.
Əgər birinci qurultayda ümumi vəzifələr müəyyənləşdirilib diaspor fəaliyyətinin təşkilatlanması və sistemli şəkildə aparılması qərara alındısa, ikinci və üçüncü qurultaylar dünya azərbaycanlıları qarşısında daha konkret problemlərin həlli vəzifəsini qoydu. Onların sırasında informasiya sahəsindəki fəaliyyəti daha məqsədyönlü və konkret istiqamətli məcraya yönəltmək vəzifəsi də vardı. Dördüncü qurultay isə həmrəyliyin yeni konseptual səviyyədə təmini məsələsini gündəmə gətirdi. İndi yüksək təşkilati fəaliyyətlə həmrəyliyin gücləndirilməsini paralel aparmaq, ölkənin geosiyasi inkişafı üçün daha mütəşəkkil çalışmaq gərəkdir. Bunun əsas müddəaları ölkə başçısının dördüncü qurultaydakı nitqində ifadə olunub”.
Beləliklə, dövlət başçısı İlham Əliyevin dünya azərbaycanlılarının dördüncü qurultayında diaspor, dövlət orqanları və ictimai təşkilatlar qarşısında strateji vəzifələr qoyduğunu deyən PA rəsmisi bildirib ki, Prezident müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlərin bundan sonra da davam etməsi üçün bunun böyük əhəmiyyətinin olduğunu diqqətə çatdırıb. Bu kimi böyük məqsədlərə nail olmağın yolu isə hər bir azərbaycanlının məsuliyyətli olması və üzərinə düşən vəzifənin öhdəsindən vətənpərvərcəsinə gəlməsidir:
“Vurğulanan kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikirləri birbaşa qarşıya qoyulan vəzifələrin anatomiyasını təşkil edir. Ölkə başçısı ifadə edib: “Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar”.
Şübhə yoxdur ki, bu fikirlər dünya azərbaycanlılarının həm birliyinin, həm də aktiv fəaliyyətinin yeni səviyyəyə yüksəldilməsinin əsas prinsipləri kimi qəbul edilməlidir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə müasir dövrün çağırışları bağlılığında yeni məzmun çaları verməklə müstəqil dövlətçiliyin strateji məqsədlərini bir daha bəyan etmiş oldu. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir! Bizi həmrəylik yeni-yeni qələbələrə aparacaq”!
1news.az