Ermənistan istehsalı olan spirtli içkilərin Azərbaycana keçirilməsinin qarşısı alınıb – VİDEO
Rusiyadan Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
1news.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və idarədə gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçiriblər.
Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistanda istehsal edilib) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az