Bakıda Həmrəylik Günü və Yeni il münasibətilə veloyürüş təşkil olunub – FOTO
Bu gün Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il və həmrəylik” veloyürüşü keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasıyası, “Ladıes on Bıkes” xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı, həmçinin “Velosport” mağazalarının yaxından dəstəyi ilə baş tutan veloyürüş Azadlıq meydanından start götürərək Ağ şəhər bulvarına qədər hərəkət edib və “Port Baku”nun qarşısında başa çatıb.
Veloyürüşün sonunda Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Velosiped Trekinin direktoru Ceyhun Mirzəyev və “Ladies on Bikes" klubunun rəhbəri Nur Axundlu talassemiyalı və hemofiliyalı pasientlərini və onların ailə üzvülərini Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova və Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək təşkil olunan tədbirə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.
Sonra talassemiyalı və hemofiliyalı xəstələrə velosiped idmanı sahəsində göstərdikləri xüsusi diqqət və qayğıya görə Velosiped İdmanı Federasiyasının əməkdaşları “Fəxri Fərman”a layiq görülüblər.
Yürüşün yekununda Şaxta baba və Qar qız tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.
1news.az